Azərbaycan əsas gəlir mənbələrindən birini sürətlə itirir: Qarşısını necə almaq olar?

 17-08-2024

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və digər humanitar ixtisaslaşmış qurumlarının "Dəniz ekosistemləri və balıqçılıq üçün iqlim dəyişikliyi riskləri: 2100-cü ilə qədər proqnozlar” adlı illik hesabatı yayılıb.

Hesabatda qeyd edilib ki, qlobal istiləşmə regiondan və temperaturun yüksəlməsindən asılı olaraq əsrin sonuna qədər dünya okeanlarında balıq ehtiyatlarını və biokütləni 10-40 % azaldacaq.

Tədqiqata görə, 178 ölkədə əsrin sonuna qədər balıq ehtiyatının 10 %, yüksək emissiya şəraitində isə 48-dən çox ölkədə 30 %-ə qədər azalacağı proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Publika.az-a açıqlamasında bu hesabatı şərh edib, qlobal istiləşmənin Azərbaycana təsirindən danışıb.

O bildirib ki, Xəzər dənizi kifayət qədər böyük su hövzəsidir:

"Ona görə də onun şimal və cənubu arasında temperatur fərqi təxminən 10 dərəcəyə çatır. Orta temperatur 25-26 dərəcədir. Cənuba nisbətən şimalda suyun temperaturu daha az olur. Yəni Xəzər dənizində suyunun temperaturunu bir rəqəmlə ifadə etmək mümkün deyil. Milyon illər boyunca Xəzər dənizi sularında adaptasiya olunmuş çox qiymətli balıq növləri olub. Onlardan bəziləri bu gün də orada yaşayır. Lakin iqlimin bu cür istiləşməsi onların yaşayış mühitinə çox ciddi təsir edir. Çünki iqlim istiləşdikcə, suda həll olmuş oksigenin miqdarı azalır. Bu isə balıqların boğulmasına və daha çox öz yerlərini dəyişməsinə səbəb olur. Məsələn, son 10 illikdə balıqların daha çox şimal istiqamətində yer dəyişməsi müşahidə olunub. Bu, suyun temperatur ilə bağlıdır. Digər yandan da şimal istiqamətində dəniz səviyyəsi kəskin şəkildə aşağı düşür. Bu da başqa bir faktor kimi balıqların yaşam tərzinə təsir edir”.

Ekoloq əlavə edib ki, Xəzərdə yaşayan balıqlar əsasən keçici balıqlardır və onlar kürü tökmək üçün çaylara keçirlər:

"Həm çaylarda suyun azalması, həm dənizin səviyyəsinin aşağı düşməsi balıqlara təsir edir. Ümumiyyətlə, dəniz-çay əlaqələri zəifləyib. Xəzər dənizində balıq ehtiyatları sürətlə tükənir. Vaxtilə Azərbaycanda il ərzində təkcə 6-7 min ton nərə balığı, qara kürü istehsal olunurdu, bu gün o istehsal yoxdur. Azərbaycan özünün əsas ənənəvi gəlir mənbələrindən birini tədricən itirməkdədir. Bu bir həyəcan siqnaldır. Digər tərəfdən Xəzərin ekosisteminə çirklənmə təsir edir. Xəzər hövzəsində yerləşən iri şəhərlərdə mövcud kanalizasiya şəbəkələri ya yoxdur, ya da yetərsiz işləyirlər. Bu da Xəzərin çirklənməsinə səbəb olur. Xülasə Xəzər dənizində balıq resurslarının tükənməsinə çox sayılı amillər təsir edir. Çox təəssüflər olsun ki, bir ölkə ilə bu problemi həll etmək olmaz. Bu istiqamətdə görülən addımlar da çoxistiqamətli olmalıdır. Ölkələr bir araya gəlib, Xəzərin sağlamlaşdırılması planı üzərində əsaslı olaraq işləməlidirlər”.

 

Bənzər yazılar

0.061652183532715