ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi 1-ci dərəcəli Qarabağ qazisinə xidmətdən imtina edir
Son 3 ildə ağır astmadan yataqdayam. Həkimlər Naxçıvandakı “Duzdağ” fizioterapiya mərkəzində müalicəmi məsləhət bilir. Səhiyyə Nazirliyi , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB ( Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) bu məqsədlə dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müraciət etsələr də, Sosial Xidmətlər Agentliyi qərəzli ayrı-seçkiliyini sürdürməkdədir.
Özbaşınalıq o həddədir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetindən ƏƏSMN -ə, oradan da SXA-ya göndərilən müraciətlərə də sayğısızlıq göstərilir, Qarabağ qazilərinə xidmətin ƏƏSMN -in səlahiyyətləri xaricində olduğu bildirilir.
Belə çıxır, agentlik sədri Vüqar Behbudov nə birbaşa tabe olduğu naziri sayır, nə də ölkənin 3-cü şəxsi statusunda olan baş nazir Əli Əsədovu. 1-ci dərəcəli Qarabağ qazisinə qulluq edən həyat yoldaşına isə növbəlilik əsasında xidmət göstəriləcəyi vurğulanır.
Sosial xidmət siyasətinə baxın, Qarabağ əlilinə xidmət etmək qadağandır, amma ona qulluq edənə növbəlilik əsasında xidmət göstərilməsinə baxıla bilər! (?) Bəs niyə baxılmır? 3 ildir müraciət etsək də, hətta məhkəməyə müraciət etsək də, sonuc yoxdur.
Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyev 6 aylıq süründürməçilikdən sonra iddianı mümkün saymayıb, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri Həmid Həmidov olan heyəti isə 3 aydır qəbul etdiyi qərarını vermir. Belə məhkəmə təminatı hüquq(suzluğ)u olan yerdə hansı sosial xidmət, sosial-tibbi təminat hüququndan danışmaq olar?
Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müharibə iştirakçıları ilə koordinasiya departamentinin rəhbəri, xanım Aytən Məmmədova 18.08.2022-ci il tarixli PHŞ /1-2 -2022-22155 saylı məktubla 1-ci dərəcəli Qarabağ qazisi ailəsinin müraciətini aidiyyatı üzrə ƏƏSMN -ə göndərib. İki həftə keçib, hələ də “aidiyyatı” qurumdan heç bir cavab yoxdur. Aidiyyatı məsələsini qabartmaqda amacımız diqqəti ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin xidmət göstərilməsinə aidiyyatının olmadığını inadla təkrar etməsinə yönəltməkdir.
Ali dövlət hakimiyyəti orqanları , Ombudsman, Nazirlər Kabineti bəyəm bilmir hansı quruma aiddir? ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin imtinasından belə anlaşılır ki, hökumətin baş naziri işinin öhdəsindən gələ bilmir. Daha bunun başqa adı yoxdur ki?
01.09.2022-ci ildə 012 5254130 nömrəsindən Sosial Xidmətlər Agentliyinin əməkdaşı kimi zəng edən şəxs NK – dan daxil olan müraciətin yanlış olaraq ƏƏSMN -ə göndərildiyini bildirib. (?-M.B.) Ali dövlət hakimiyyəti orqanından daxil olan müraciətin yanlış göndərilə bilməzliyi bir yana, axı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10 maddəsində müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyatı üzrə göndərmələri və bu barədə müraciət edənə məlumat vermələri doğrulanıb !
Niyə ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi ona aid olmayan, NK-dan “yanlış olaraq” göndərilən müraciəti aidiyyatı üzrə göndərməkdən imtina edir? Sualın cavabını şikayət etdiyimiz Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), baş prokurorluq, NK-nın özü, PA-nın özü verər, yəqin. Bizi isə bir sual da maraqlandırır :
SOSİAL XİDMƏTLƏR AGENTLİYİ KİMƏ VƏ NƏYƏ XİDMƏT EDİR, AGENTLİYİN DÖVLƏT BÜDCƏSİNDƏN MALİYYƏLƏŞMƏSİNƏ EHTİYAC VAR?
Məğrur Bədəlsoy