>

Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib

 14-08-2025

Afaq Bəşir qızı Səfərova “Şərəf” ordeni ilə təltif edilib.

MillətinSəsi.İnfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla o, bu ordenə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə layiq görülüb.

Xalq artisti Afaq Bəşirqızı Prezident İlham Əliyevin onunla bağlı Sərəncamından danışarkən deyib ki, bilmirəm, nə deyim, çox sevincliyəm və bütün sənət dostlarıma bu sevinci arzulayıram.
 
Aktrisa Prezidentin bu addımını incəsənət xadimlərinə göstərilən diqqət kimi qiymətləndirib: "Daxili və xarici siyasətlə bağlı işlərin bu qədər çox olduğu bir vaxtda Prezidentin mənimlə bağlı Sərəncamı böyük qayğıdır. Bu mənim üçün böyük hadisədir. Prezident həmişə mənə və bütün digər sənətkarlara diqqət göstərib".

“Var olsun Prezidentimiz! Var olsun xalqımız! Cənab Prezidentimizə mədəniyyətə, incəsənətə olan qayğısına görə təşəkkür edirəm!”, - deyə A.Bəşirqızı qeyd edib. 

Xalq artisti, həmçinin bütün incəsənət xadimlərinə çağırış edib: “Hamıya demək istərdim ki, mədəniyyəti qorumaq və Prezidentin qarşısında alnıaçıq olmaq üçün işləmək, sənəti yüksək səviyyəyə qaldırmaq lazımdır”.

Afaq Bəşirqızı Prezidentə təşəkkür edib: "Teatrla bağlı problemləri qaldıranda, yaxud da özü onu hiss edəndə hamısını həll edib. Bu, böyük sevincdir".

Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində, aktyor Bəşir Səfəroğlunun ailəsində anadan olub.

1974-1979-cu illərdə İncəsənət Universitetində təhsil alıb.

Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb.

İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb.

1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşir qızı Səfərova, Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb.

Onun «Bəxt üzüyü» tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Eyniadlı filmin xalq tərəfindən sevilməsində də aktrisanın xidmətləri böyükdür.

1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb və işlədiyi ilk gündən tamaşalarda baş və əsas rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub. Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib.

Bunlardan «Bəxt üzüyü», «Evləri köndələn yar», «Yaşıl eynəkli adam», «Nekroloq» və.s. adlarını qeyd etmək olar. Yaradıcılığının ən müdrik çağlarını yaşayan Afaq xanım Bəşirqızı bu gün də fəal yaradıcılıq axtarışındadır.

O, uzun illərdir ki, Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi çalışır. Afaq Bəşirqızı, 1989-cu ildə «Əməkdar artist», 1993-cü ildə «Xalq artisti» fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə «Qızıl Dərviş» mükafatına layiq görülüb.

Prezident mükafatçısıdır.

2013-cü ildə "Şöhrət” ordeni 2015-ci ildə Prezidentin fərdi təqaüd ilə təltif olunub.

13 avqust 2015-ci ildə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.

Bənzər yazılar

0.11376595497131