Qarabağ Universitetində qiyabi təhsil olacaq?

 16-08-2024

"Qarabağ Universitetində 2024-2025-ci tədris ili üçün əlavə, qiyabi, magistratura və doktorantura səviyyəsində təhsilin təşkili nəzərdə tutulmayıb".  

Bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində bildirib.

Ş.Bayramov qeyd edib ki, növbəti tədris illərindəki fəaliyyətlə bağlı müvafiq qərar verildikdən sonra ictimaiyyətə məlumat çatdırılacaq: “15-16 sentyabr tarixlərində tələbələrimizin Xankəndi şəhərinə aparılması, onların universitetimizlə tanış edilməsi, tələbələr üçün ayırdığımız mənzillərdə yaşayışlarının təmin edilməsini düşünürük.Tələbələrimiz universitetimiz tərəfindən mənzil tipli yataqxanalarla təmin olunacaqlar. Bu, yalnız tələbələrin yaşayışı üçün nəzərdə tutulan imkanlardır." 

O bildirib ki, valideynlərinin tələbələri müşayiət etməsi, istədikləri zamanlarda gəlib onlarla zaman keçirməsi ilə bağlı hər hansı bir problemimiz yoxdur.

"Yəni, ölkəmizin digər şəhərlərində təhsil alan tələbələrin valideynləri öz övladları ilə hansı formada təmaslarda olursa, eyni imkanlar Xankəndi şəhərində də yaradılacaq. Həmçinin valideyn tələbə övladının təhsil aldığı şəhərdə gedib yaşamaq imkanlarını nəzərdən keçirə bilər. Artıq bu həmin valideynin fərdi qaydada verəcəyi qərardır", - rektor vurğulayıb.

Şahin Bayramov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində və birgünlük antiterror tədbirlərində Azərbaycan dövləti bütün dünyaya gücünü göstərib:

"Hazırda Xankəndidə təhlükəsizlik baxımından da bütün imkanlar formalaşdırılıb. Dövlətimizin müvafiq qurumları bununla bağlı zəruri olan bütün tədbirləri həyata keçiriblər. Qarabağ Universitetində təhsil alacaq gəncləri və onların valideynlərini əmin edirik ki, Xankəndi şəhərində, bütövlükdə Qarabağda təhlükəsizliklə bağlı məsələlər dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin olunur.

Eyni zamanda universitetimizin tədris binalarında, tələbələrimizin və əməkdaşlarımızın yaşayacağı yaşayış binalarında da universitet tərəfindən müvafiq təhlükəsizlik mexanizmi hazırlanıb və uğurla reallaşdırılacaq".

Ş.Bayramov qeyd edib ki, bütün universitet heyəti tələbələrimizə bu prosesin daha rahat keçməsi üçün lazımi dəstəyi göstərəcək.

Ş.Bayramov qeyd edib ki, əlavə təqaüdlər müvafiq seçimlər və kriteriyalar əsasında həyata keçiriləcək:  "Hazırda bununla bağlı mexanizmlər hazırlanır və tərəfdaşlarla bu istiqamətdə müzakirələr aparılır. Bildiyiniz kimi, bu ayın 9-dan etibarən ixtisas seçimi başlayıb.

İxtisas seçimi bitdikdən və müvafiq ixtisaslar üzrə tələbələrimizin universitetimizə qəbul ballarını müəyyən etdikdən sonra bununla bağlı qərar veriləcək. Qərara uyğun şəkildə bal toplamış tələbələrə əlavə təqaüdlərin verilməsi imkanları nəzərdən keçiriləcək. Bundan əlavə, universitetimizdə bir sıra adlı təqaüdlərin verilməsi də nəzərdə tutulur. Tələbələrimiz bəlli olduqdan sonra təqaüdlərin verilməsi ilə bağlı məlumatlar onlara çatdırılacaq”.

 

Bənzər yazılar

0.10835003852844