Bakıda sürücü qaydaları pozmadığı halda 100 manat cərimələndiyini iddia edir.
“Qafqazinfo.az” xəbər verir ki, hadisə paytaxtın Məhəmməd Hadi küçəsində (Əhmədli metro stansiyasının yanında) baş verib. Belə ki, 99 RY 381 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü dayanmanın qadağan edilmədiyi yerdə parklanma etdiyi halda cərimə edildiyini bildirib.
O qeyd edib ki, həmin yolun başlanğıcında nə dayanma-durmanı qadağan edən, nə də ki avtobus zolağını bildirən 5.9 nişanı var: “Burada nişan ön hissədə qoyulub və ondan sonrakı kəsişməyədək olan sahəni öz təsiri altına alır. Mənim saxladığım yerdə isə nişan yoxdur. Buna baxmayaraq, barəmdə İnzibati Xətalar Məcəlləsinin 346.8-ci maddəsi ilə 2 bal və 100 manat məbləğində cərimə tətbiq edilib”.
Sürücü yazılmış cərimənin düzgün olmadığını və DYP-yə şikayət edəcəyini, orada məsələ həll edilmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini söyləyib.
Bakı şəhər DYP İdarəsinin baş inspektoru polis baş leytenantı Rüstəm Əhmədli bildirib ki, vətəndaş Yunis Hüseynzadənin müraciəti araşdırılıb:
“Yol polisi tərəfindən əsassız elektron qərar qəbul edilməsi barədə sosial şəbəkə vasitəsilə yaydığı videogörüntülərdə səsləndirilən iddialar araşdırılıb və təsdiqini tapmayıb. Belə ki, avqustun 5-də vətəndaş Y.Hüseynzadə “Hyundai” markalı avtomobili ilə Bakı şəhəri, Məhəmməd Hadi küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yolda dayanma və durma qaydalarını pozduğuna görə barəsində elektron qərar qəbul edilib.
Araşdırma zamanı M.Hadi küçəsində yol boyunca 5.9 yol nişanının qoyulduğu, yolun vətəndaşın qeyd etdiyi hissəsində yolayrıcının deyil, dalanın olduğu və həmin hissənin 5.9 yol nişanının təsir dairəsinə düşdüyü müəyyən edilib”.