İşsiz taksi sürücüləri nazirliyin təklifini qəbul edəcək?

 05-08-2024

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi xidmətindən kənarlaşan sürücülərə təklif ilə müraciət edib. Bildirilib ki, məşğul olmayan sürücülərin avtobusla sərnişin daşımalarına cəlb olunması üçün hazırda geniş imkanlar var.

Bəs işsiz qalan taksi sürücüsünün avobusa yönləndirilməsi doğrudurmu? 

Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli Bakupost.az -a bildirib ki, sürücülərin çoxu əlavə kateqoriya ala bilmədikləri üçün nazirliyin təklifi işsiz qalan taksi sürücülərinin məşğulluq problemini həll etməyəcək:

“Məlum olduğu kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işsiz qalan taksi sürücülərinə təkliflə müraciət edib. Bildirilib ki, taksi fəaliyyətindən kənarlaşdırılan sürücülər avtobusla sərnişin daşımalarına cəlb oluna bilərlər. Çünki hazırda təkcə "BakuBus" şirkətinin mindən artıq "D" kateqoriyalı sürücüyə ehtiyacı var. Fikrimcə, nazirliyin işsiz qalan taksi sürücülərinə iş təklifi səmərəsiz olacaq. Çünki avtobus sürücüsü üçün “D” kateqoriyası tələb olunur. İstənilən şəxs “D” kateqoriyası almaq və müvafiq təlimlərə qoşulmaq üçün ortalama 1300-1500 manatından keçməlidir. Bu imkan heç də bütün işsiz qalmış sürücülərdə yoxdur”.

Ekspert Akif Nəsirli əlavə edib ki, hazırda kartla işləyən avtobus marşrutlarında sürücü qıtlığı yaşanır. Səbəb isə əmək haqqının azlığıdır:
 
“Məlumdur ki, kartla işləyən marşurutların sürücüləri konkret maaş alırlar. Bu maaş isə çoxlarını qane etmir. Sürücülər ciddi bir iş rejimində, az maaşla çalışmaq istəmədikləri üçün şirkətlər sürücü çatışmazlığı yaşayır. Avtobus sürücüsü qıtlığını aradan qaldırmaq üçün stimullaşdırıcı tədbirlər artırılmalıdır. Əks təqdirdə, bunu inzibati yolla həll etmək mümkün olmayacaq”.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, əvvəllər avtobus sürücüləri planla işlədiklərindən, bu işdə çalışmaq onlara sərf edirdi:
 
"Onlar qoyulan planı ödədikdən sonra əldə etdikləri gəlir özlərinə qalırdı. Amma avtobuslar kart sisteminə keçdikdən sonra plan ləğv edildi. Hazırda 70 faiz avtobuslar kart sistemi ilə işləyir. Kart sistemində isə maaş 800-1000 manat olduğundan, bu, sürücüləri qane etmir”.

Bənzər yazılar

0.058516025543213