Ukraynadakı Azərbaycan diasporunun rəhbərlərindən biri olan və kriminal dairələrdə “Oleq Bakinski” kimi tanınan Oleq Krapivin Bakıda Mütəşəkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
Bu barədə Azinform məlumat yayıb.
Qeyd olunub ki, “Oleq Bakinski” törətdiyi cinayət əməlinə görə həbs edilib, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları tərəfindən cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcəkdir”.
Oleq Krapivin 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Bakıxanov qəsəbəsindəki idman təmayüllü internat məktəbində oxuyub. Sərbəst güləş üzrə ondördqat (!) Azərbaycan çempionudur.
2007-ci ildə o, Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb.
1989-cu ildən Kiyev şəhərində yaşayır(dı). 4 övladı var.
Krapivin zəngin adamdır. Kiyevdə çoxsaylı ticarət mərkəzləri, mülki mövcuddur. “Forbes”in 2023-cü il də yaydığı məlumata görə, o, Ukraynanın 100 ən varlı adamı siyahısında 84 milyon dollar varidatla 98-ci yerdə olub.