Adı iş adamının qətlində hallanan Rüstəm Şahbazov başqa bir iş adamına 300 min manat "atıb" — ŞİKAYƏT

 24-01-2024

Adı iş adamının qətlində adı hallanan rəis müavini ilə bağlı daha bir şikayət var. Belə ki, Bakı sakini Dadaşov Abbas Eldar oğlu Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovdan və qardaşı Teymur Şahbazovdan şikayətçidir. Qeyd edək ki, R.Şahbazovun adı son günlər qətllə bağlı məhkəmə işində qətlin sifarişçisi kimi hallanıb. Bu barədə mediada geniş məlumat verilib.

AFN.az-a göndərdiyi şikayət məktubunda isə A.Dadaşov bildirir ki, Teymur Şahbazov qardaşı, 15 ilə yaxındır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini işləyən Rüstəm Şahbazovun onun işini düzəldəcəyinə söz verərək külli miqdarda pulunu mənimsəyib.

Şikayətçi bildirir ki, Sumqayıt şəhəri, Koroğlu küçəsi, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsini uzun müddətə icarəyə götürmək istəyi haqda əvvəlcədən tanıdığı Şahbazov Teymur Adıgözəl oğluna danışıb: “O, mənə bildirdi ki, mənim Əmlak Komitəsində tanıdığım şəxs var və bunu çox asanlıqla həll edə bilərəm. Bildirdi ki, bu barədə həmin məsələni həll edəsi şəxslə danışıb səninlə görüşüb, ümumi bir razılığa gələrik. Bir neçə gündən sonra Teymurla görüşdük və o, mənə bildirdi ki, danışmışam 180 min manata torpaq məsələsi həll olunacaq. Mən ondan bu işi kiminlə həll edəcəyini soruşdum. Bildirdi ki, qardaşı Şahbazov Rüstəm uzun müddətdir ki, Əmlak Məsələləri Dövlər Xidmətində müavin vəzifəsində işləyir. Bütün məsələləri Rüstəm həll edir. Dedi ki, arxayın olun, məsələ 100 faiz həll olunacaq. Teymurun söhbətinə mən tam inandım və ona hissə-hissə 236000 manat pul verdim”.

Bir müddət keçdi, Teymur verdiyi vədə əməl etmədiyinə görə A.Dadaşov ondan şübhələnib: “Ona bildirdim ki, sən işi yubadırsan, işin yubanmasının səbəbini mənə izah et. Dedi ki, qardaşım Rüstəm ölkədə yoxdur, ona görə də sənədləşmə bir az gecikir. Rüstəm gələn kimi sənədləşmə yekunlaşacaq və sənədləri tam şəkildə sənə verəcəm. O, dedi ki, bütün ölkə üzrə bu məsələlərə qardaşı rəhbərlik edir. Mən arxayın oldum ki, Teymur yalan danışmaz, qardaşı Rüstəm Şahbazovla məsələni həll edəcək. Teymur mənə onu da dedi ki, pulun hamısını qardaşına verib”.

“Sövdələşmə”nin üzərindən bir müddət keçsə də, lazım olan sənədlər A.Dadaşova verilməyib. Şikayətçinin sözlərinə görə, T.Şahbazov hər dəfə ona qardaşı R.Şahbazovla görüşdüyünü, narahatçılığa əsas olmadığını deyib vaxtı uzadıb: “Lakin mən artıq Teymurun yalan danışdığını və mənə qarrşı dələduzluq etdiyini anladım. Bundan sonra Teymura nə qədər zəng vurdum telefon zənglərimə cavab vermədi. Artıq mən əmin oldum ki, Teymur məni aldadaraq qardaşı Rüstəmlə qabaqcadan əlbir olaraq, 236000 manat pulumu ələ keçirib, mənə qarşı dələduzluq etməklə, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin 2.1, 2.2, 3.4-cü hissələrində nəzərdə tutulan cinayət əməlini törədiblər”.

Teymur Şahbazovun əməlləri bununla bitməyib. Belə ki, şikayəçinin sözlərinə görə, o, sənəd saxtakarlığına da gedib: “O, mənimlə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 27 iyul 2022-ci ildə müqavilə bağladı. Bununla da Teymur Şahbazov məni daha da inandırdı. Sonra mənə məlum oldu ki, tərtib olunan həmin müqavilə də saxtadır. Həmin müqaviləyə görə də Teymur məndən 4-5 ay olmaqla hər ay 7850 manat “icarə haqqı” aldı”.

A.Dadaşov Şahbazov Teymur Adıgözəl oğlunun və qardaşı Şahbazov Rüstəm Adıgözəl oğlunun cinayət məsuliyyətinə cəlb olunması və ona dəymiş 236000 manatın ödənilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş edir. O, müvafiq müraciətini aidiyyatı hüquq-mühafizə orqanlarına da göndərib.

Bütün qeyd edilənlərlə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovdan mövqe almaq cəhdlərimiz boşa çıxdı. Belə ki, Xidmətin mətbuat xidmətinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, məsələyə hüquq-mühafizə orqanları baxır, ona görə mövqe vermək məqsədəuyğun deyil. R.Şahbazova məxsus votsap nömrəsinə göndərdiyimiz müraciət də cavabsız qaldı. Hər bir halda, qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Bənzər yazılar

0.24460506439209