Fransa DİN: Olimpiya obyektləri yaxınlığında hücum və oğurluqlar artıb

 26-07-2024

Fransanın paytaxtı Paris və onun ətraf ərazilərini əhatə edən İl-de-Frans bölgəsində olimpiya obyektlərinin yaxınlığında cinayətlərin, o cümlədən hücum və oğurluqlar artıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin statistik xidmətinin iyulun 15-dən iyulun 21-dək olan dövrü əhatə edən və ötən həftənin göstəriciləri ilə müqayisəni əks etdirən hesabatında deyilir.

Sənədə əsasən, bu ərazilərdə dövlət məmurlarının təhqir edilməsi və onlara hücumların sayı əvvəlki həftə ilə müqayisədə 20%, zorakılıq xarakterli oğurluqlar 12%, davalar 11%, narkotik istifadəsi 3% daha çox qeydə alınıb.

O da qeyd olunub ki, olimpiya obyektlərinə bitişik ərazilərdən kənarda avtomobillərlə bağlı oğurluqların sayı 8% artıb. Vurğulanıb ki, bu rəqəmlər yekun deyil və şikayətlər həmişə cinayət baş verəndən dərhal sonra verilmədiyi üçün sonradan yoxlanıla bilər. Törədilmiş cinayətlərin sayı barədə də dəqiq məlumat verilmir.

Paris Polis Prefekturası, öz növbəsində, 2024-cü ilin birinci yarısı üçün statistik məlumatları dərc edərək cinayətlərin sayında “görünməmiş azalma” olduğunu qeyd edib.

Beləliklə, guya zorakılıq hadisələri 3%, quldurluq və oğurluqlar isə ümumilikdə 8% azalıb. İlin əvvəlindən nəqliyyatda oğurluq halları isə 11,2% azalıb. Qeyd olunub ki, iyulun 26-na planlaşdırılan Olimpiya Oyunlarının açılış mərasimi ərəfəsində Paris küçələrində polis və jandarm patrullarının gücləndirilməsi “çəkindirici amil”ə çevrilib.(Report)

Bənzər yazılar

0.062994003295898