Müdafiə Nazirliyinin sabiq əməkdaşlarının hökmündən protest verildi

 26-09-2024

Müdafiə Nazirliyinin mənimsəmə ittihamı ilə həbs edilmiş sabiq şöbə rəisləri – Mahir Şirvanov və Məlikməmməd Qurbanov barədə olan hökmlərdən apellyasiya protesti verilib.

Prokurorluqdan verilən məlumatda bildirilib ki, bəzi sosial media səhifələrində Şirvanov Mahir Məhərrəm oğlu və Qurbanov Məlikməmməd Oruc oğlunun barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən aşağı həddə cəza təyin edilməsi barədə məlumatlar yayılıb.

Qeyd olunub ki, Mahir Şirvanov və Məlikməmməd Qurbanovun Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi vəzifəsində işlədikləri müddətdə digər şəxslərlə cinayət əlaqəsinə girərək külli miqdarda dövlət əmlakını mənimsəmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onların hər ikisi Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işləri üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bildirilib ki, Bakı Hərbi Məhkəməsinin 2024-cü il sentyabrın 9-da verdiyi hökmlərlə Mahir Şirvanov və Məlikməmməd Qurbanov Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib, onlara məhkum edildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı cəza – Mahir Şirvanova 3 il, Məlikməmməd Qurbanova isə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Baş Prokurorluğun məlumatında o da bildirilir ki, təqsirləndirilən şəxslərin əməlinin xarakteri və ictimai təhlükəliliyi, habelə cinayət qanunun normasının düzgün tətbiq edilməyərək onlara qanunla nəzərdə tutulan həddən aşağı cəzanın təyin edilməsi nəzərə alınaraq qeyd edilən hökmlərdən 2024-cü il sentyabrın 24-də dövlət ittihamçısı tərəfindən apellyasiya protestləri verilib.

Bənzər yazılar

0.12842702865601