Azərbaycanda gec dil açan, nitqi aydın olmayan, danışıq problemi yaşayan uşaqların sayı artıb. Bəziləri bunun səbəbini valideynlərin uşaqla çox ünsiyyət qurmamasında, bəziləri də uşaqların nitqinin formalaşdığı vaxt onlara əcnəbi dillərdə cizgi filmlərinin izlədilməsində görürlər.
Övladına xarici dil öyrətmək istəyən valideynlər erkən yaşda buna başladıqları üçün dil açan uşaq nə ana dilində, nə də xarici dildə normal danışa bilir. Onların nitqini valideynləri belə başa düşməkdə çətinlik çəkirlər.
Bəs bu cür uşaqlarla necə məşğul olmaq lazımdır?
Bir çox uşaqda görünən problemlə bağlı Bizim.Media-ya danışan loqoped Fəridə Tağıyeva deyib ki, uşağın ətrafında bir dildə danışan insanlar olmalıdır:
"Bu hallar uşağın nitqinin qarışıq olmasına, ləngiməsinə gətirib çıxara bilir. Bu problemlər hazırda geniş yayılıb. Belə uşaqlarla bir dildə danışmaq lazımdır. Ailənin içərisində ata və anadan başqa nənə və baba da varsa, hamı eyni dildə danışmalıdır.
Uşaq bir yaşa qədərki dövrdə anlamaqla, qavramaqla hansısa bir dilə yiyələnir. Ona görə bu dövrdə onun ətrafındakı insanlar yalnız bir dildən istifadə eləməlidirlər ki, uşaq o dili də qavrasın. Sonrakı illərdə, 3-4 yaşından sonra ikinci dili əlavə etmək olar. İlk bir il ərzində mütləq bir dil olmalıdır".