Bu şəxslərin nikahına xitam verilə bilər SİYAHI

 04-06-2024

Azərbaycanda nikahın bağlanması üçün bir sıra şərtlər var. İki şəxsin həddi-büluğa çatması, ən azı 18 yaşı olması, onların özlərinin razılığı, tibbi müayinədən keçməsi və digər şərtlər müəyyənləşib. Bunlar Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsində yer alıb. 

Həmçinin, nikahı qadağan edən və ya nikah bağlandıqdan sonra qanunla nikaha xitam verilməsinə səbəb olan meyarlar da mövcuddur.

Bu şəxslərin nikaha girməsi QADAĞAN EDİLİR 

Dünən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliyə görə, ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.

Bəs hansı hallarda nikaha xitam verilə bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Əsabəli Mustafayev deyib ki, bu hallar Ailə Məcəlləsinin iki maddəsində öz əksini tapıb:

“Bizdə nikah yaşı 18-dir, ancaq 18 yaşına çatmış şəxslər nikaha girə bilər. Müəyyən əsaslar olduqda yaş həddi bir il aşağı salına bilər. Buradan göründüyü kimi, 18 yaşına çatmayan şəxslərin nikah bağlamaq hüququ yoxdur. Əgər müvafiq icra orqanının razılığı varsa, bu, 17 yaşdır. Nikah yaşı Ailə Məcəlləsinin 10-cu maddəsində öz əksini tapıb.

Bir də həmin məcəllənin 12-ci maddəsi var, bu maddə nikah bağlanmasına mane olan hallarla bağlıdır. Bu, yaxın qohumlar arasında nikahı qadağan edir. Yaxın qohumlara əmi qızı, xala qızı və bu kimi qohumlar aid edilmir. Yaxın qohumlar ifadəsi dedikdə valideynlər və uşaqlar, nənə, baba və nəvələr, dogma və ögey qardaş və bacılar nəzərdə tutulur. Yəni bunlar arasında nikah bağlana bilməz. Övladlığa götürülənlə övladlığa götürən arasında da nikahın bağlanması qadağandır.

İkisindən biri və yaxud hər ikisi başqa nikahda olan bu şəxslər, tibbi müayinədən keçməyənlər, ikisindən biri və ya hər ikisi ruhi xəstə olanlar, əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab olunan şəxslər nikah bağlaya bilməzlər”.

O bildirib ki, əgər bu hallara məhəl qoyulmadan hansısa formada nikah bağlanıbsa, həmin nikaha xitam verilir:

“Əgər Maddə 10-da göstərilən nikah yaşı və maddə 12-də göstərilən nikahın bağlanmasına mane olan hallar ola-ola nikah bağlanılıbsa, onda bu, nikahın etibarsız olması, ona xitam verilməsi üçün əsasdır. Adətən, qanuni nikahda nikaha xitamvermə bir tərəfin tələbi ilə məhkəmə qaydasında olur. Bir də var nikahın etibarsız hesab olunması, yəni deyilən hallar olaraq nikah bağlanmasından söhbət gedir. 

Məsələn, xarici vətəndaş Azərbaycana gəlib, burada nikah bağlayıb. Amma heç kim bilmir ki, o, gəldiyi və ya başqa ölkədə evlidir. Belə hallar çox olur. Bu məlum olanda nikaha xitam verilir”.

Hüquqşünas saxta nikahlar məsələsinə də toxunub:

“Nikahin da etibarsızlığı məhkəmə qaydasında tanınır. Şəxslərin ailə qurmaq iddiaları yoxdur, amma nikaha girirlər. Kimsə Azərbaycana gəlir, burada oturum icazəsi, vətəndaşlıq almaq üçün buranın vətəndaşı ilə saxta nikah bağlayır. Məlum olanda ki, bunların niyyəti başqadır, buna xitam verilir. Belə nikahlara təkcə tərəflərin tələbi ilə deyil, müvafiq dövlət qurumlarının tələbi ilə xitam verilə bilər. 

Tərəflər də tələb edə bilər, məsələn aldanan tərəf sonradan bilib ki, ailə qurduğu şəxs fəaliyyət qabiliyyətsizdir və ya başqa ölkədə kiminləsə ailəlidir. Zavod və fabriklərin mənzil verdiyi vaxtlarda saxta nikahlar çox idi. Rəsmi nikah ailə qurmaq niyyəti ilə yaranır. Saxta nikahlar isə bu niyyətlərdən kənardır. Dövlət qurumlarının ixtiyarı var ki, bununla bağlı məhkəmədə iddia qaldırsın”.

 

Bənzər yazılar

0.29207897186279