Elçin Əmirbəyov: "İlin sonuna qədər 20 min məcburi köçkünün doğma torpaqlarına qayıtması gözlənilir"

 31-05-2024

"İlin sonuna qədər 20 min məcburi köçkünün doğma torpaqlarına qayıtması gözlənilir".

Bu sözləri "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

O, qeyd edib ki, insanlar təhlükəsiz, yaşıl mühitdə yaşamalıdırlar:

"Bu, çox vacib bir fəaliyyətdir. Ərazilərimizdə yenidənqurma işləri həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərimizdə yeni nəqliyyat şəbəkəsi qurulub. Bunlar hamısı vacibdir. İlin sonuna qədər 20 min məcburi köçkün yurdlarına köçürüləcək. Ümumilikdə doqquz şəhər yenidən qurulacaq. Bunun üçün 2021-ci ildən bu yana 7 milyard dollar yatırılıb. Məcburi köçkünlərinin öz doğma torpaqlarına qayıdışı ləngiyir".

O, qeyd edib ki, Azərbaycan minalarla çirklənmiş ölkələr arasında ilk beşlikdədir:

"Bizim mina problemimiz var. Minalar 12 faiz ərazilərimizdə səpələnib. Bu, böyük təhdid yaradır. 361 Azərbaycan vətəndaşı 2020-ci ildən bəri minaların qurbanı olub. Bu rəqəmlər hər həftə artır. Ermənilərin mina xəritələrinin verilməsindən imtina etmələri məsələni qəlizləşdirir. İnsan həyatı ilə yanaşı torpaqların məhsuldarlığına da mənfi təsiri var. İqtisadiyyata da təsir göstərir. Azərbaycan mina problemi ilə bağlı məsuliyyətini dərk edərək, bütün minatəmizləmə işlərinin maliyyələşdirilməsi baxımından 95 faizini öz dövlət büdcəsi hesabına ödəyib".

O qeyd edib ki, çox vacib məqamdır ki, beynəlxalq ictimaiyyət bu əsas problemə öz lazımi diqqətini göstərsin: "Bu, onu göstərir ki, biz heç də digər ölkələrdən yardım gözləmir, öz işimizi özümüz görürük. Gözləntimiz ondan ibarətdir ki, Ermənistan bizim tələbimizə uyğun olaraq, dəqiq məlumatları versin. Bu, eyni zamanda, iki tərəf arasında etimadqurucu tədbir kimi görülə bilər", - deyə E.Əmirbəyov bildirib.

Bənzər yazılar

0.10778594017029