General-mayor Firuddin Nəbiyev istefaya göndərilib

 30-05-2024

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firuddin Nəbiyev istefaya göndərilib.

O, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya göndərilib.

Xatırladaq ki, Firuddin Nəbiyev 1965-ci il yanvar ayının 25-də Qərbi Azərbaycanında doğulub. 1981-ci ildə Amasiya rayonunun Təpəkənd kəndindəki orta məktəbi bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub və 1987-ci ildə həmin institutundan müalicə işi ixtisası ilə məzun olub. 

1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutu nəzdində hərbi hazırlıq kursu keçib, institutu bitirdikdə ona ehtiyatda olan tibb xidməti leytenantı hərbi rütbəsi verilmişdir.

1987–1988-ci illərdə İrəvan şəhərində terapiya ixtisası üzrə internatura kursu keçdiyi zaman Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar kursu yarımçıq qoyub, 1988-ci ildə Bakı şəhərinə köçüb. İnternaturanı 1989-cu ildə Sumqayıt şəhər xəstəxanasında davam etdirib. 1990–1992-ci illərdə Daşkəsən Mərkəzi Rayon Xəstəxanasında həkim, anesteziya-reanimasiya şöbəsinin müdiri vəzifələrində işləyib.

1992-ci ildə Daşkəsən Rayon Hərbi Komissarlığına müraciət edərək ordu sıralarına çağırılıb və 1994-cü ilədək döyüşən hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edib.

1994-cü ilin avqust ayında Hərbi Hava Qüvvələrinin tabeliyindəki hərbi hissələrin birində xidmətini davam etdirib. 1996-cı ildən 2001-ci ilədək Hərbi Hava Qüvvələrində tibb şöbəsinin müalicə-profilaktika üzrə zabiti və sonradan uçuşların tibbi təminatı üzrə baş zabiti, 2001-ci ildən Müdafiə Nazirliyində Hərbi Tibb Xidmətinin müalicə-profilaktika şöbəsinin baş zabiti, 2011-ci ildən Hərbi Tibb İdarəsinin müalicə-profilaktika şöbəsinin baş zabiti-şöbə rəisinin müavini, 2014-cü ilin yanvar ayından müalicə-profilaktika şöbəsinin rəisi vəzifələrində xidmət edib. 

2021-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəisi vəzifəsinə təyin olunub. 2021-ci ilin fevral ayından 2023-cü ilin oktyabr ayınadək Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edib. 25 iyun 2022-ci ildə ona "tibb xidməti general-mayoru" hərbi rütbəsi verilib.

1992–1994-cü illərdə hərbi hissənin tərkibində Kəlbəcər və Gədəbəy rayonları ərazisində gedən döyüşlərdə iştirak edib. 

Hər iki Qarabağ müharibəsinin veteranıdır. 2-ci Qarabağ müharibəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Bənzər yazılar

0.12464594841003