Qan davasında dünya çempionunun QƏTLİNDƏ ŞOK FAKTLAR: “Bilirdim ki, o öldürüb…”

 29-08-2022

22 yaşlı gəncin qətl törətməsi ilə bağlı ittiham aktı elan olunub

Bakıda qisasçılıq zəminində öldürülən Kikboksinq üzrə dünya çempionu, 38 yaşlı Zaur Yusifovun qətlilə bağlı məhkəmə araşdırmaları başlayıb. Onun öldürməkdə ittiham olunan isə 2000-ci il təvəllüdlü Samir Şirəliyevdir.

Zaur Yusifov özü də ölümündən öncə qətldə ittiham edilərək həbs olunmuşdu. O, kriminal aləmdə “Lotu Qulinin yaxın adamı” və “Emin 444” (avtomobilinin nömrəsinə görə) kimi tanınan Emin Səfərovu öldürməkdə təqsirləndirilirdi. Uzun müddət bu ölüm işinə görə Həsən Tağıyev adlı başqa bir təqsirləndirilən şəxslə birlikdə mühakimə olunan Zaur Yusifova sonda bəraət verilmişdi. O, 2021-ci ilin oktyabrında bəraət hökmüylə məhkəmə zalından azadlığa buraxılmış, Həsən Tağıyevə isə 18 il həbs cəzası kəsilmişdi.

Hökmdən narazı qalan zərərçəkmiş tərəf də, prokurorluq da apelyasiya protesti vermişdi. Bakı Apelyasiya Məhkəməsində bu iş üzrə araşdırmalar yekunlaşmadan Zaur Yusifov qətlə yetirildi. Onun qətlinə görə hazırda məhkəmə qarşısına çıxarılan 22 yaşlı Samir Şirəliyev mərhum Emin Səfərovun xalası oğludur.

Avqustun 25-də məhkəmədə ittiham aktı elan ediləndə məlum olub ki, Samir Şirəliyev ov silahı əldə etməsinə icazə almaq üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Razılıq alandan sonra Yasamal rayonu ərazisində yerləşən “Ovçular” mağazasından 1200 manata ov tüfəngi və patronlar alıb. O, güllə atmağı öyrənmək üçün Novxanıda poliqonda məşq edib. Daha sonra Zaur Yusifovu izləyib, onun yaşadığı evin blokunda gizlənərək güdüb. Hadisə günü evin yaxınlığında onu güdərkən Zaur Yusifov “Instagram”da canlı videogörüntü paylaşıb. Bu zaman Samir Şirəliyev videodakı məkandan başa düşüb ki, o, özünə məxsus çay evindədir. Ora yollanaraq, Zaur Yusifovun çıxmasını gözləyib. O, gecə saatlarında çay evindən çıxıb, üzbəüzdə yerləşən mağazaya daxil olub. Mağazada olarkən onu qətlə yetirib.

Samir Şirəliyevə bu qətl hadisəsinə görə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsilə ittiham verilib. Ona qarşı həmçinin Cinayət Məcəlləsinin 228.4 (qanunsuz olaraq soyuq silah əldə etmə, saxlama) maddəsilə də ittiham irəli sürülüb. İddia olunur ki, üzərindən döyüş bıçağı da tapılıb.

Samir Şirəliyev bu ittihamlara münasibət bildirərkən özünü qismən təqsirli bildiyini deyib. O, soyuq silahla bağlı ittihamı qəbul eləmir. Ölüm işinə gəlincə, özünü Cinayət Məcəlləsinin 120.1 maddəsilə təqsirli bilir. Deyir ki, Zaur Yusifovu ümumi təhlükəli üsulla öldürməyib. Əksinə, mağazada satıcını görəndə atəş açmayıb. Ehtiyat edib ki, güllə ona da dəyə bilər. Zaur Yusifov yerini dəyişəndən sonra piştaxtaların yanında ona atəş açıb.

Samir Şirəliyev məhkəməyə ifadəsində, eləcə də zərərçəkmiş tərəfin vəkillərinin suallarını cavablandırarkən bildirib ki, xalası oğlu Emin Səfərov hələ uşaq vaxtlarından onların dolanışığına kömək edib, qayğı göstərib:

“Emin mənə həm ata, həm ana, həm də qardaş olub. O, öldürüləndə mən müharibədə idim, hərbi xidmət dövrümə düşmüşdü. Onun ölümündən hərbi xidmətdən qayıdandan sonra xəbərim oldu. Zaur Yusifov həbsdən buraxılanda qərarlaşdırdım ki, ondan qisas alacam”.

Zərərçəkmiş tərəfin vəkilləri soruşub ki, əgər Emin Səfərov ona dediyi kimi, əziz idisə, niyə onun il mərasimində, onun qətlilə bağlı məhkəmə iclaslarında iştirak etmirdi?

“İl mərasimi vaxtı xəstə idim. Məhkəmənin isə sonunu gözləyirdim…”, – o, belə cavab verib.

Samir Şirəliyev Masallı rayonunda yaşayırdı. Deyir ki, cinayəti törədəndən sonra gedib xalası oğlunun Masallıdakı məzarını ziyarət edib, orada da təslim olmağı planlaşdırırdı. Lakin yolda fikrini dəyişib: “Fikirləşdim ki, evdəkilərə narahatlıq yaradaram. Ona görə qərara gəldim ki, elə Cəlilabadda təslim olum. Ona görə Cəlilabad Rayon Polis Şöbəsinə gedib təslim oldum”.

Vəkillər Samir Şirəliyevin nəzərinə çatdırıb ki, xalası oğlunun qətlinə görə daha bir nəfər – Həsən Tağıyev də həbs olunub. Ona məhkəmənin hökmüylə 18 il həbs cəzası kəsilib. Elə həmin məhkəmə də Zaur Yusifovu təqsirsiz hesab edib, ona bəraət vermişdi. Belə olan halda, niyə Həsən Tağıyevi yox, Zaur Yusifovu hədəf seçməsini Samir Şirəliyev bu cür izah edib:

“Həsən onu təkbaşına öldürə bilməzdi. Emini öldürmək onun başı üçün deyildi. Bilirdim ki, o öldürüb, sadəcə, məhkəmə nəyə görəsə, hansısa yolla bəraət verib…”

Zərərçəkmiş tərəf iddia edir ki, Samir Şirəliyev bu qətli törətməyə təhrik edilib.

“Bu, təhrikçiliklə, sifarişlə törədilmiş cinayətdir, Samir Şirəliyev özbaşına eləməyib”, – zərərçəkmişin vəkili Ceyhun Yusifov bildirib.

Növbəti məhkəmə iclasında zərərçəkmişin hüquqi varisi qismində mərhum Zaur Yusifovun atası və ardınca şahidlər ifadə verəcək.

Mərhum Zaur Yusifov öz məhkəməsində çıxışlarında bildirirdi ki, “Emin 444”ün qətlinə heç bir aidiyyəti yoxdur. Əksinə, o, Həsən Tağıyevlə Emin Səfərov arasındakı problemi yoluna qoymaq, onların münasibətlərindəki gərginliyi aradan qaldırmaq istəyib. Bunun üçün dəfələrlə çalışıb.

Lakin Emin Səfərovun anası iddia edirdi ki, onlar yalan danışır, baş verənlərdə nəinki Zaur Yusifov, hətta onun ailə üzvlərinin də rolu olub.

Zaur Yusifov haqqındakı bəraət hökmü onun ölümündən sonra Bakı Apelyasiya Məhkəməsində ləğv olunub. Apelyasiya Məhkəməsi onu Emin Səfərovun qətlində təqsirli bilib, lakin öldüyünə görə barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında bəraət hökmü çıxarmış hakimlər – İlham Mahmudov, Faiq Qəniyev və Səbuhi Hüseynov haqqında isə bu işə görə Məhkəmə-Hüquq Şurası intizam icraatının başlanmasına qərar verib.

Bənzər yazılar

0.14242100715637