22 sənət əsərindən gələn gəlir Ağdamda "İmarət" yaşayış kompleksinin inşasına sərf olunacaq

 20-05-2024

"Qarabağ rəngləri" layihəsi çərçivəsində 22 əsərin satılması nəticəsində Qarabağ Dirçəliş Fonduna 85 min manata yaxın ianə daxil olub. Bu vəsait Qarabağda, Ağdam rayonunda Prezident İlham Əliyevin tapşırığı, Mədəniyyət Nazirliyinin sifarişi, Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə inşa olunacaq "İmarət" yaşayış kompleksinə sərf ediləcək.

"Report" xəbər verir ki, bunu layihənin təqdimat mərasimində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, "Qarabağ rəngləri" layihəsinin əsas məqsədi Qarabağın zəngin mədəniyyətinin, Azərbaycan xalqının bu torpaqlardakı irsinin təbliği və xeyriyyəçilik ənənəsinin təşviqidir:

"Gənc rəssamlar layihə çərçivəsində 19 rəsm əsəri və 4 heykəl olmaqla 23 incəsənət nümunəsi yaradıblar. Bu əsərlər layihənin xüsusi internet səhifəsində satışa çıxarılıb. Onları əldə etmək üçün Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayət idi. Artıq 22 əsər satılıb və buna görə Fonda artıq 85 min manata yaxın ianə daxil olub. Bu layihə cəmiyyətdə Qarabağ mövzusunun aktuallaşdırılması üçün çox yaxşı üsul idi. Ona görə də layihəni dəstəkləyən hər kəsə, əsərləri əldə edən donorlara təşəkkürümü bildirirəm".

 

Bənzər yazılar

0.12751507759094