Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ

 17-05-2024

Uşaqlara qarşı cinsi istismar törədənlər (pedofiliya) məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər.

Ölkə.az-ın xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Belə ki, ötən il, həmçinin “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının tətbiqi ilə bağlı Əmək, Ailə, Cinayət-Prosessual və Cinayət məcəllələrinə, “Uşaq hüquqları”, “Vəkillər və vəkillik fəaliyyəti”, “Təhsil”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və s. qanunlarda dəyişikliklər edilib:

“Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə törədilən bəzi cinayətlərin (zorlama, seksual xarakterli zorakılıq hərəkətləri) yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi ağırlaşdırıcı hal kimi müəyyən edilib, uşaqların cinsi istismarı ilə bağlı bir sıra cinayətlərə görə cəzalar sərtləşdirilib. Altı yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə də cinayət tərkibinin əlaməti kimi müəyyənləşdirilib, qanunvericiliyə seksual xarakterli məqsədlərlə uşaqların təqib edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan müddəalar əlavə edilib", - məlumatda əksini tapıb.

Sənəddə qeyd edilib ki, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslər məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər”,- məlumatda vurğulanıb.

Bənzər yazılar

0.060623168945312