PA rəhbəri Samir Nuriyev: “Laçın, Füzuli, Zəngilan, Ağdərəyə 1 727 keçmiş məcburi köçkün ailəsi qayıdıb”

 10-05-2024

2022-ci il iyulun 19-dan bu günədək Laçın və Füzuli şəhərlərinə, Zəngilan rayonunun Ağalı, Ağdərə rayonunun Talış, Laçın rayonunun Zabux kəndlərinə ümumilikdə 1 727 keçmiş məcburi köçkün ailəsinin (6 754 nəfər) qayıdışı baş tutub.

Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev AZƏRTAC-dakı məqaləsində bildirib.

S.Nuriyev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə hazırda böyükmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, insanlar doğma yurd-yuvalarına dönürlər: 

“Azərbaycan dövlətinin heç bir kənar yardım olmadan, öz gücünə gördüyü işlərin miqyası həqiqətən də heyrət doğurmaya bilməz. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına şəxsən nəzarət edir, dövlətimizin başçısının tapşırıqları və dəyərli tövsiyələri işlərin tam və məsuliyyətlə icrasına etibarlı zəmin yaradır. 2020-2023-cü illərdə Prezident işğaldan azad edilmiş ərazilərdə 400-ə yaxın tədbirdə iştirak edib, o cümlədən 8 şəhər, 32 kənd və qəsəbə olmaqla, 120 layihənin təməlini qoymuş, müxtəlif təyinatlı 71 tikinti obyektinin açılışını edib”.

Yaşayış məntəqələrinin salınması ilə yanaşı, bölgədə geniş bərpa-quruculuq işləri aparılır: 

“Orta ümumtəhsil məktəbləri, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, mədəniyyət və turizm obyektləri kimi sosial təyinatlı obyektlərin bərpası və yenidən qurulması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. İnfrastruktur layihələri sırasında Füzuli və Zəngilan şəhərlərində beynəlxalq hava limanları istismara verilib, Laçın rayonunda hava limanının tikintisi davam etdirilir. Həmçinin avtomobil yolları, tunellər, körpülər, dəmir yolları, magistral qaz xətləri tikilir, su elektrik stansiyaları və yarımstansiyalar, su anbarları inşa edilir. Azərbaycan dövləti ciddi qlobal problem olan iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində ardıcıl siyasət həyata keçirir, 2030-cu ilə qədər bərpaolunan enerji həcminin və enerji səmərəliliyinin artırılması ilə bağlı beynəlxalq təşəbbüsə qoşulub”.

“Ölkəmizdə yaşıl enerji sənayesinin inkişafı üçün müvafiq normativ-hüquqi aktlar qəbul olunur, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonaları elan edilib. Azərbaycan xarici tərəfdaşları ilə birlikdə bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə böyük layihələr reallaşdırmağa başlayıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqətin və həssas münasibətin göstəricisidir. 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının ifadəsi olmaqla yanaşı, həm də yeni inkişaf mərhələmizdə əldə edilmiş növbəti uğurdur. Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi qlobal tədbirin reallaşması ilə bağlı müvafiq texniki-təşkilati tədbirlər həyata keçirir. Əminliklə demək olar ki, “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında yüksək səviyyədə keçiriləcək COP29 qlobal əhəmiyyət daşıyan bu problemin həllinə mühüm töhfə olmaqla yanaşı, həm də ölkəmizin güclü potensialını bütün dünyaya nümayiş etdirəcək”, - deyə S.Nuriyev məqaləsində qeyd edib.

Bənzər yazılar

0.12901592254639