Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb, qumarda uduzdu

 15-04-2024

Sumqayıt şəhər “Qurd dərəsi” yaşayış massivində evdən külli miqdarda pul oğurlamış 1988-ci il təvəllüdlü Məhəbbət Məmmədovun məhkəməsi başa çatıb.

Qafqazinfo.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə M.Məmmədov Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə təqsirli bilinib.

Qeyd edilib ki, Məhəbbət Məmmədov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Abşeron rayon komitəsinin sədri Vahid Əliyevin bacısı oğlu və xidməti avtomobilinin sürücüsü olub. O, dayısına məxsus evdə yerləşən divanın altına qoyulmuş çantadan 90 min manat pulu gizli talayaraq mərc oyunlarına qoyub və pulun böyük hissəsini uduzub.

Məhkəmə prosesində Vahid Əliyevin oğlu zərərçəkmiş şəxs qismində tanınıb. O, ifadəsində bildirib ki, 3 il əvvəl anasına böyrək köçürülməsi məqsədilə Sumqayıtdakı evini satıb və pulu atasına məxsus evə qoyub. Bundan sonrakı dövrdə yığdığı pulları da oraya gətirərək yerləşdirən zərərçəkmiş şəxs sonuncu dəfə orada 90 min manatın olduğunu deyib.

Pulların bibisi oğlu Məhəbbət tərəfindən oğurlanması məlum olduqdan sonra onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Geridə qalan müddətdə təqsirləndirilən şəxs dəymiş zərərdən yalnız üç min manat ödədiyindən zərərçəkmiş şəxs ondan şikayətçi olduğunu bildirib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə M.Məmmədova 7 il həbs cəzası verilib.

qafqazinfo.az

Bənzər yazılar

0.061044931411743