MTK-lar mənzil sahiblərindən "sayğacpulu" niyə alırlar?

 12-04-2024

Mənzil Tikinti Koorperativləri (MTK) tərəfindən inşa edilən binalarda yaşayan sakinlərin sayğac problemi aktual mövzu kimi qalmaqdadır. Sosial şəbəkələrdə paylaşılan çoxsaylı şikayətlərdən məlum olur ki, elektrik, su, qaz sayğaclarına görə mənzil sahiblərindən alınan məbləğ əvvəllər 800-850 manat idisə, hazırda 1000-1500 manatdır. Zaman-zaman mətbuatda bu məsələ işıqlandırılsa da, problem hələ də həllini tapmayıb.

Pravda.az məsələni araşdırıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2023-cü ildə MTK-lara xəbərdarlıq edib ki, yeni tikilmiş çoxmənzilli yaşayış binalarında quraşdırılan sayğaclara görə mülkiyyətçilərdən əsassız olaraq pul tələb olunur.

Məsələ araşdırıldıqda məlum olub ki, MTK-larla alıcılar arasında bağlanmış müqavilələrdə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər var. Aidiyyəti qurumlar bildirirlər ki, əvvəllər sayğaclar MTK-larla payçıların arasındakı razılığa əsasən quraşdırılıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sayğaclarla bağlı verdiyi qərara görə, 2022-ci ilin sonlarından başlayaraq su sayğacları binalarda “Azərsu” ASC-nin hesabına quraşdırılır. 2023-cü ildən etibarən su sayğaclarının quraşdırılması həyata keçirilir. Artıq MTK-lar aidiyyəti qurumlardan sayğac almır, sadəcə, kommunal xətləri quraşdırıb hazır qoyurlar. Bildirilir ki, sayğaca görə vətəndaşdan ödəniş alınması qanunsuzdur və bu pul şəxsi cibə gedir.

“Azəriqaz” İB ilə də vəziyyət eynidir. Bu qurum da MTK-lara texniki şərtlərin verilməsini ödənişsiz olaraq həyata keçirdiyi barədə dəfələrlə açıqlama verib. “Elektroenergetika haqqında” qanuna görə isə fiziki şəxslər üçün işıq sayğacları pulsuzdur. MTK-lar hüquqi şəxs olduqları üçün sayğaclar ödənişlidir. Bu qərar Nazirlər Kabineti tərəfindən tənzimlənir... 

Şikayətlərlə bağlı “Opera Group” MMC-nin direktoru, iqtisadçı ekspert Firdovsi Xəlilov isə Pravda.az-a açıqlamasında deyib ki, bu cür “oyunlarda” zəif bənd MTK-lar olur:  

“MTK-lar heç bir halda deyə bilmirlər ki, bizim burada külli miqdarda xərcimiz, vəsaitimiz çıxır. Çünki bu, onların tikdikləri son bina deyil. Yenə də bina tikəcək, aidiyyəti qurumlarla üz-üzə gələcək, etdiklərinin cavabını verməli olacaqlar. Nə də ki, xərcləri çıxdığı üçün bunu vətəndaşa pulsuz edə bilmirlər. Olan olub, keçən keçib, nə edək ki, əziyyət belədir. Əslində, yaxşı olardı ki, MTK-lar sayğac üçün vətəndaşdan aldıqları vəsaitləri evin qiymətinin üstünə gəlsinlər. Belə halda, vətəndaşı da bu “oyun”un içinə salmazlar. Kimin doğru, kimin yalan dediyini bilmək üçün sorğu keçirə bilərsiniz.

Sual qoya bilrəsiniz ki, hörmətli özləri üçün fərdi yaşayış evi tikənlər, sizə dövlət - “Azərişıq”, “Azəriqaz”, “Azərsu” bu kommunikasiyaları pulsuz verirdi? Mən də həyət evində yaşayıram. Üç-dörd il əvvəl tikib başa çatdırmışam. Sayğacların üçü birgə toplam rüsumu 1600-1700 manata yaxındır. Vay halınıza ki, göstərilən normativlər 10 metr kənardadır, yaxud kanalizasiya filan yerdədir, olmur. İndi buyurun gəlin. Qanuni yolla həll etməyə çalışırsınızsa, icra hakimiyyətinə, “Azərsu”ya, “Azərişıq”a, “Azəriqaz”a gedirsiniz. Onlar sizə deyirlər ki, heç narahat olmayın, bizim sizin ərazi ilə əlaqəli planımız var.

Nə çox, nə az, 10 il sonra həmin ərazidə su olacaq. Buyurun, susuz yaşayın. Yəni bütün bu şeylər heç bir halda pulsuz başa gəlmir. Şikayətlərdə çox şeylər deyə bilərlər. Kimin doğru, ya yanlış dediyini bilmək üçün fərdi həyət evi tikdirən şəxslərin arasında sorğu keçirin. Qoy desinlər ki, sayğac quraşdırılması pulsuz olur. Onda biz də sizinlə birlikdə ürəklə deyək ki, “MTK-lar dələduzluqla məşğuldurlar, aidiyyəti qurumların MTK-lara pulsuz verdikləri resursa görə MTK-lar vətəndaşdan pul alırlar”. Heç bir MTK istəməz ki, o, müştərisini incitsin. Tək istəyi budur ki, tikdiyi evi satıb, pulunu qazansın.

Bu cür məsələlərdə şəffaflığın aşkar edilməsi ilə əlaqədar ciddi jurnalist araşdırmalarına da ehtiyac var. Mətbuat 4-cü hakimiyyətdir. Yaxşı olardı ki, “detektiv” janrda jurnalist araşdırması olsun. Ortaya çıxarılsın ki, sözügedən resursları almaq istəyəndə pul çıxır, ya yox? Çıxırsa, nə qədər çıxır? Bundan sonra başa düşmək olar ki, “Azərişıq”, “Azəriqaz”, “Azərsu” kimi qurumların adından istifadə edib camaatdan pul yığırlar. Bu MTK-lar nə qədər cəsur olmalıdırlar ki, səhəri gün işləri düşəcək bu qurumların adından istifadə etsinlər. Yəni burada belə bir mübahisə mövzusu, qaranlıq məqam var. Ciddi jurnalist araşdırması ilə buna aydınlıq gətirmək olar”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev MTK-ların vətəndaşlardan sayğacpulu almalarında qeyri-qanuni addım olmadığını dilə gətirib:  

“MTK-lar fərdi qaydada evlər tikirlər. İxtiyarları var ki, işıq, su, qaz sayğacları alıb quraşdırsınlar. Onlar sayğacları dövlətdən pulla alırlar. Bir kvartalda evlər tikilir, dövlət tərəfindən əraziyə qaz xətti çəkilir, layiləşmə MTK tərəfindən aparılır. Bu səbədən MTK-ların vətəndaşlardan sayğacpulu almalarında problem yoxdur”.  

Deputatın bu açıqlamasından sonra məsələnin qanuni tərəflərini mütəxəssislərdən öyrənməyə qərar verdik.  

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev suallarımıza geniş şəkildə belə izah verib:  

“Qanunvericiliyin tələbinə görə, sayğacların quraşdırılması təchizatçının hesabına aparılmalıdır və fiziki şəxslərdən, yəni vətəndaşlardan buna görə hər hansı ödəniş tələb edilə bilməz. Başqa sözlə, su, elektrik və qaz təchizatı müəssisələri ilə istehlakçılar arasında bağlanmış müqavilələrə əsasən, sayğacların təchiz edilməsi və quraşdırılması təchizatçılar tərəfindən və təchizatçıların vəsaiti hesabına həyata keçirilir və bu zaman üçüncü şəxslərin, o cümlədən mənzil-tikinti kooperativinin iştirakı olmamalıdır. Ancaq bir çox hallarda çoxmənzilli yaşayış binalarında MTK-lar sayğac qoyulması ilə əlaqədar vətəndaşlardan ödəniş tələb edirlər və əsaslandırmaları belə olur ki, bunu müqavilə şərtlərinə əsasən edirlər. Ancaq bu hal da tamamilə qanunsuzdur.

Belə ki “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 16-cı maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Qanunun bu müddəasının pozulmasına görə isə inzibati məsuliyyət nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər isə 4000 min manatdan 6000 manatadək məbləğdə cərimə edilirlər.

Bu, inzibati xəta ilə bağlı inzibati protokol tərtib etmək səlahiyyəti İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindədir. Belə hallarla qarşılaşan vətəndaşlar həmin quruma, həmçinin məhkəməyə və hüquq-mühafizə orqanlarına da müraciət etmək hüququna malikdirlər. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən aparılan müvafiq araşdırmalar nəticəsində vəzifəli şəxsin, yaxud hüquqi şəxsin hərəkətlərində olan hüquqazidd əməllər - vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və s. cinayət tərkibi yaradırsa, onlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə də məsuliyyətə cəlb edilə bilərlər”.  

Bənzər yazılar

0.057221174240112