Yaqub Zurufçunun həyat yoldaşı: “Mahnılarını heç kim icazəsiz oxuya bilməz, artıq şəhadətnamə almışıq”

 09-04-2024

“Yaqub Zurufçunun mahnılarını Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirirəm. Bizim əlimizdə şəhadətnamə var. Çünki Yaqub bəy bütün əmlakını oğluna və mənə həvalə etdiyinə görə hüquqlar da biz tərəfdən qorunur”.

Bunu Moderator.az-a açıqlamasında böyük sənətkar, məşhur müğənni Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu deyib.

O daha sonra əlavə edib:

“Mahnının müəllifi var. Müəllif dünyadan köçübsə, onun varisləri var, hüquqlarını qoruyan şirkət var. Hər-hansısa musiqiyə müraciət etməmişdən öncə onun icazəsi alınmalıdır. Mən klassik musiqilərdən danışmıram. Bu, dünyanın hər yerində belədir. İcazə alınmayıb oxunulubsa, bunun özü bir hörmətsizlik, bilgisizlikdir.

Məlumatsızlıqdan belə hallar baş verir. Məlumat verəndə yenə də pis sən olursan. Mahnının müəllifi və varisləri icazə vermirsə oxunmamalıdır. Buna da əks münasibət göstərmək, əsəbiləşməyin özü də müəllif sahibinə qarşı mədəniyyətsizlikdir. Yavaş-yavaş artıq Yaqub bəyin bütün musiqilərini qeydiyyatdan keçirəcəyəm. Hələlik “Dəniz” mahnısı üçün müraciət edib, şəhadətnamə almışam. Şəhadətnamə alandan sonra bunu televiziyalara vermək istəyirəm ki, bilinsin mahnının müəllifi var. Gəlib-gedən, hər yoldan ötən bu mahnıları oxuya bilməz. Zatən Yaqub bəyin “YouTube” səhifəsində, digər musiqi platformalarda rəqəmsal formada yayımlanır. Nə qədər ki mən həyatdayam, bu işlə ciddi məşğul olacağam”. 

Aynur xanım bildirib ki, Yaqub Zurufçu hər zaman qalmaqallardan uzaq durub.

“Bir-iki dəfə belə bir məsələ olmuşdu. Mən bir az çılğın insanam, reaksiyam fərqli olurdu. Yaqub bəy çox sakit, mədəni, təmkinlə deyirdi ki, nə qədər ki insan məşhur olacaq, belə qalmaqallar, söz-söhbətlər də baş verəcək. Məsələ o vaxt şişir ki, sən ona reaksiya verirsən. Belə bir məsəl də var ki, sözü kim böyüdər? Əlbəttə ki, yiyəsi. O, həddindən artıq mülayim insan idi. Sözünü, yerini, danışığını bilən adam idi. Mənə də həmişə təmkin, səbir arzulayırdı”, - deyə sənətkarın həyat yoldaşı bildirib.

Bənzər yazılar

0.15018010139465