Ramin Ələmşah oğlu Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsini Milli Məclisdə təmsil edən deputatdır.
Ramin Məmmədov 1979-cu il fevralın 17-də Ağdərə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini, eləcə də Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib. “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif edilib.
İngilis və rus dillərini bilir.
2001-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləyib.
2008-09-cu illərdə “Avrositi Holdinq”in vitse-prezidenti, 2009-20-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, Aparat rəhbərinin müavini, sədrin müavini vəzifələrində çalışıb.
O, hazırda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Bolqarıstan, Çin, Fransa, İsrail, İtaliya, Koreya, Serbiya, parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Onu da qeyd edək ki, 2023-cü ilin martın 1-də Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmişdi.
Evlidir, bir övladı var.