Dövlət sərhədini pozmağa cəhd edən şəxslər saxlanılıblar - FOTO/VİDEO

 30-03-2024

Mart ayının 31-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində iki nəfər naməlum şəxsin hərəkəti müşahidə edilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, sərhəd zastavasının şəxsi heyəti tərəfindən sərhəd pozucularının mümkün hərəkət istiqamətləri qapadılıb və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.

İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən sərhəd pozucuları sərhəd naryadının “Dayan!” əmrinə tabe olmayıb üzərilərindəki çantanı ataraq geriyə qaçmağa cəhd göstəriblər.

Sərhəd pozucularına qarşı “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunub.

Hadisə nəticəsində sərhəd pozucularından biri yaralanıb, digəri relyefin mürəkkəbliyi və əlverişsiz hava şəraitindən yararlanaraq geriyə qaçıb.

Yaralı sərhəd pozucusuna sərhədçilər tərəfindən ilkin tibbi yardım göstərildikdən dərhal sonra Füzuli rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı Ədilli Ramazan Yusif oğlu olması müəyyən edilib, xidməti ərazidən 10 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Görülmüş tədbirlər nəticəsində narkotik vasitələri götürmək məqsədilə xidməti əraziyə yaxınlaşan Beyləqan rayon Əmirzeyidli kənd sakini 1968-ci il təvəllüdlü Rasim Mustafa oğlu Atakişiyev və Birinci Şahsevən kənd sakini 1999-cu il təvəllüdlü Məhəmməd Ramil oğlu Abdullayev saxlanılıblar.

Faktla bağlı Baş Prokurorluqla birgə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bənzər yazılar

0.20405793190002