Avtomobil alanların diqqətinə: Bu üsulu əsla seçməyin!

 30-03-2024

Bir çox şəxslər ev və torpaq aldığı zaman “generalnıy” etibarnamə adlanan sənədlə əmlakı əldə edir. Bu üsula avtomobil alıcıları da müraciət edir və zaman-zaman müəyyən problemlərlə qarşılaşırlar. 

Bəs etibarnamə ilə avtomobil əldə etmək nə qədər doğru seçimdir?

Mütəxəssis məsələnin hüquqi tərəfini “Yeni Sabah”a açıqlayıb Hüquqşünas Ramil Süleymanov əsas detallar barədə məlumat verib:

“İlk növbədə, vətəndaşlarımız onu bilməlidir ki, mülkiyyət hüququnun təməlini 3 komponent təşkil edir. Şəxs birinci növbədə mütləq əşyaya sahib olmalıdır.

İkinci qayda şəxsin əşya ilə bağlı sərəncam verməsidir. Son olaraq isə həmin əşyadan istifadə etməlidir. Vətəndaşlarımızda olan yanlış hüquqi təfəkkür ondan ibarətdir ki, avtomobillə bağlı “generalnıy” etibarnamə aldığı halda bu, artıq onların mülkiyyətinə keçmiş hesab olunur. Amma qeyd etmək istəyirəm ki, bu əsla belə deyil.

Vətəndaşlar baş etibarnamə ilə aldığı avtomobillə bağlı heç bir mülkiyyət hüququna malik deyillər. Yalnız həmin maşından istifadə edə və onunla bağlı sərəncam verə bilərlər. Sərəncam isə özündə onu ehtiva edir ki, etibarnamə əsasında bu avtomobili təmir etdirə və müəyyən hərəkətlər həyata keçirə bilərlər.

Etibarnamə ilə maşın alan şəxs bu vasitəni öz mülkiyyətinə keçirmir, bu sənəd sadəcə ondan istifadə qaydasını rəsmiləşdirir. Avtomobilin əsas sahibi istənilən anda onlayn yolla yaxud həmin sənədin verildiyi notariat ofisinə yaxınlaşaraq müqaviləni ləğv edə bilər. Buna həmin şəxsin tam hüququ var. Sözügedən məsələdən sonra uzun çəkən və lazımsız məhkəmə prosesləri başlayır və etibarnamə ilə maşın əldə edən şəxsin maliyyə və vaxt itkisinə səbəb olur”. 

Vəkil avtomobil alıcılarına belə tövsiyə verib:

“Ona görə də vətəndaşlara tövsiyə edirəm ki, avtomobil əldə etdikləri zaman mütləq qaydada Baş Dövlət Yol Polisi İdarəsinə və ya rayonlararası qeydiyyat şöbələrinə yaxınlaşaraq maşını öz adlarına rəsmiləşdirsinlər. Belə olduğu təqdirdə, gələcəkdə bununla bağlı hər hansı problem ortaya çıxmır”.

 

Bənzər yazılar

0.059884071350098