“Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya olunur. Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 3890 vətəndaşımızın taleyinə aydınlıq gətirilməsi, işğaldan azad olunmuş ərazilərdə kütləvi məzar yerlərinin müəyyən olunması, meyit qalıqlarının ekshumasiyası və eyniləşdirilməsi istiqamətində hazırda intensiv iş aparılır”.
Bunu “Respublika” qəzetinə müsahibəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev deyib.
Xidmət rəisi bildirib ki, görülən tədbirlər nəticəsində 107 itkin düşmüş şəxsin eyniləşdirilməsi təmin edilib: “Onların sırasından 1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub.
Yaxın günlərdə isə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq. İtkin düşmüş vətəndaşlarımızın axtarışı kimi həssas məsələ ilə əlaqədar dövlətimizin başçısı tərəfindən qarşımıza qoyulan mühüm tapşırıqlar bundan sonra da tam və vaxtında icra ediləcək”.