Hikmət Hacıyev: “Azərbaycan vahid Çin siyasətini dəstəkləyir”

 26-03-2024

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın həmişə vahid Çin siyasətini dəstəklədiyini açıqlayıb.

O bunu Çinin “Global Times” qəzetinə müsahibəsində deyib.

“Ölkələrimiz arasında güclü siyasi əlaqələr mövcuddur. Biz həmişə vahid Çin siyasətini dəstəkləyirik. Bu yaxınlarda Çinin Tayvan bölgəsində qeyri-qanuni seçki olub və Azərbaycan bunu tamamilə qəbuledilməz kimi qiymətləndirib”, - Prezidentin köməkçisi bildirib.

H.Hacıyev Çin ilə əməkdaşlıq perspektivlərindən söz açaraq Azərbaycanda daha çox Çin şirkəti görmək istədiyini söyləyib:

“İndi biz iki ölkə arasında ticarət əlaqələrində sabit artım görürük, lakin bu, son nəticə deyil. Bunun üçün daha çox perspektivlər var. Birincisi, mən Azərbaycanda daha çox Çin şirkətləri görmək istərdim. Çin şirkətləri artıq Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində iştirak edirlər, lakin Azərbaycan yaşıl inkişafa doğru irəlilədikcə biz daha çox şey gözləyirik”.

H.Hacıyev diqqətə çatdırıb ki, dayanıqlı inkişaf məqsədlərinə əsaslanan milli prioritetlərdə rəqəmsal transformasiya Azərbaycan üçün bir nömrəli məsələdir:

“Yaşıl keçid gündəliyimizdə Çini tərəfdaş kimi görürük. Biz, həmçinin, çinli dostlarımızdan Azərbaycanda bərpa olunan enerji üçün istehsal xətləri yaratmağı istəyirik. Çindəki elektrikli avtomobil sənayesi dünyanın aparıcı sənayelərindən biridir. Hazırda Çindən elektriklə işləyən avtobuslar və digər avadanlıqlar alırıq. Biz Çin şirkətləri ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda istehsalat bazası yaratmaq istəyərdik”.

Prezident köməkçisi Çin-Azərbaycan tərəfdaşlığının “Bir kəmər - bir yol” Təşəbbüsü (BRI) çərçivəsində, xüsusən də Orta Dəhliz kontekstində mühüm əhəmiyyət kəsb etdiyini də bildirib:

“Orta Dəhliz Çin və Avropa İttifaqı arasında mühüm əlaqə ola bilər. Azərbaycan Qara dəniz və Xəzər sahillərində yerləşən ölkələrlə birlikdə əlaqələr sahəsində güclü tərəfdaş ola bilər. Bu, “Bir kəmər - bir yol” təşəbbüsü ilə yaxşı uyğunlaşır və Çin ilə Azərbaycan arasında strateji tərəfdaşlığı vurğulayır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir”.

O vurğulayıb ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi və beynəlxalq ictimaiyyətdən dəstək alması bir daha beynəlxalq ictimaiyyətin rəsmi Bakıya olan hörmət və etimadını göstərir.

“Qalıq yanacaq ixrac edən ölkə kimi Azərbaycan yerli, regional və qlobal səviyyədə mövcud keçid layihəsini və gündəmini həyata keçirmək üçün güclü iradə və qətiyyət nümayiş etdirib. İqlim dəyişikliyi hər kəs üçün əsas problemdir və qlobal ictimaiyyətin buna qarşı səylərini birləşdirməsi vacibdir. Azərbaycan COP danışıqlar prosesinin bütün fundamental aspektləri üzrə qlobal səviyyədə daha çox həmrəylik və konsensusa nail olmağı hədəfləyir. Azərbaycan həmçinin “Qlobal Şimal” və “Qlobal Cənub” arasında anlaşma və həmrəylik yaratmağa çalışır”, - Prezident köməkçisi söyləyib.

H.Hacıyev vurğulayıb ki, COP29-un uğur qazanması üçün təkcə ev sahibi ölkə kimi Azərbaycan deyil, bütün beynəlxalq ictimaiyyətin bərabər öhdəliyə sahibdir: 

“Ev sahibi ölkə kimi Azərbaycan COP29-un mövzusu olan real iqlim maliyyəsi gündəmini inkişaf etdirməyə çalışacaq”.

Azərbaycanın COP29-un inklüziv olmasını və həssas icmalar başda olmaqla bütün səslərin eşidilməsinin necə təmin edəcəyi məsələsinə gəlincə, şöbə müdiri bildirib ki, COP29-da inklüzivlik prioritetlərdən biridir:

“Biz hamının daha yaxın və fəal iştirakını təmin etmək üçün bir çox beynəlxalq platforma və qurumlarla işləyəcəyik. Bu baxımdan beynəlxalq ictimaiyyət kiçik ada ölkələrinə xüsusi önəm verməlidir. Azərbaycan gündəlik həyatlarında praktiki problemlərlə üzləşən kiçik ada dövlətləri ilə artıq təmas qurmağa başlayıb. Qlobal Cənub ölkələri kimi onlar da iqlim dəyişikliyinin dərhal nəticələrini görə bilərlər. Qrup 77 (G77) və Çin öz səslərinin eşidilməsini təmin etmək istəyən Qlobal Cənub ölkələrini təmsil edir. Biz həmçinin Qlobal Şimal ölkələri ilə sıx əməkdaşlıq edəcək və Qlobal Şimal və Qlobal Cənub arasında daha çox dialoq və həmrəyliyə töhfə verəcəyik.

Bundan əlavə, biz beynəlxalq QHT-lərə və beynəlxalq media ilə fəal əməkdaşlığa açığıq”.

Prezident köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan COP29-un fundamental məsələləri üzrə bütün tərəflərlə dialoqa və əlaqəyə açıqdır:

“COP qlobal səydir və biz COP-u hamı üçün daha açıq və başa düşülən etmək məqsədilə beynəlxalq media ilə yaxından işləməyi səbirsizliklə gözləyirik. Azərbaycan COP ilə bağlı ictimaiyyəti daha çox məlumatlandırma kampaniyalarının həyata keçirilməsini, əsas gündəliyə dair inklüzivliyi və şəffaflığı təmin etmək istəyir.

Azərbaycan COP29-un fundamental məsələləri üzrə bütün tərəflərlə dialoqa və əlaqəyə açıqdır. Çin Xalq Respublikası dünyanın aparıcı dövlətlərindən biridir. Ona görə də danışıqlar prosesində Çinin mövqeyini anlamaq üçün ilkin məsləhətləşmələrin və müzakirələrin aparılması bizim üçün çox vacibdir”.

Bənzər yazılar

0.82819104194641