Azərbaycanın “ASAN Viza” sistemi Pakistan vətəndaşları üçün viza müraciəti prosesini sadələşdirir.
“Ölkə.az” xəbər verir ki, bu barədə məlumat xarici KİV-də yayılıb.
Məlumata görə, üç mərhələli proses onlayn müraciəti, təhlükəsiz şəkildə ödəniş edilməsini və elektron vizanın yüklənməsini əhatə edir: “Sistem ərizəçilər üçün səmərəliliyi və rahatlığı artırmaq üçün nəzərdə tutulub.
Bu sistemi Azərbaycan hökuməti beynəlxalq turizmi inkişaf etdirmək və mədəni mübadiləni təşviq etmək məqsədi ilə təqdim edib. Adi e-Viza üçün dövlət rüsumunun məbləği 26 ABŞ dolları, təcili elektron viza üçün isə 61 ABŞ dolları təşkil edir. Adi vizanın baxılma müddəti 3 iş günü, təcili viza üçün isə 3 saatdır. Bu təşəbbüs Pakistan vətəndaşlarına Azərbaycanın zəngin tarixini və müxtəlif mənzərələrini araşdırmaq imkanı verir".
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana 167 ölkədən 341 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Pakistandan Azərbaycana gələnlərin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 28 % artıb.