Son günlər yükdaşıma fəaliyyəti göstərən sürücülər tərəfindən daşınan yüklərin ölçü parametrlərinə əhəmiyyət verilməməsi, xüsusilə qablaşdırılmanın düzgün aparılmaması nəticəsində baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir. Yüklərin bu şəkildə daşınması hərəkət zamanı nəqliyyat vasitələrinin ağırlıq mərkəzinə bilavasitə təsir göstərir və bu da yükün yola dağılması, habelə avtomobilin aşması ehtimalını dəfələrlə artırır.
Ölkə.az xəbər verir ki, Baş Dövlət Yol Polisi (DYP) İdarəsi bununla əlaqədar yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib.
İdarə bir daha yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edilərək yükdaşıma normalarına və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir. Bununla yanaşı sadalanan qayda pozuntularının qanunla nəzərdə tutulmuş məsuliyyət yaratdığı və bu sahədə inzibati xətalara yol vermiş şəxslər barəsində ciddi tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılır.