Hər il Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutun (Orta Dəhliz) əhəmiyyəti daha da artmaqdadır.
Bunu Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç jurnalistlərə açıqlamasında deyib.
“Xorvatiya nisbətən kiçik ölkə olsa da, Avropa İttifaqının (Aİ) bir hissəsidir. Biz Aİ-nin bir hissəsi kimi Orta Dəhlizə çox maraq göstəririk. Xorvatiya bu layihəni dəstəkləyir və dəhlizin inkişaf etdirilməsi üçün görülən işlər Xorvatiya tərəfindən təqdir edilir”, - deyə səfir vurğulayıb.
Qeyd edək ki, 2023-cü ildə bu Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların həcmi 86% artaraq 2,8 milyon tona çatıb. 2022-ci ildə bu göstərici 1,5 milyon ton, 2021-ci ildə isə 586 min ton olub.
Orta Dəhliz layihəsi Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirir. Bu layihə 2013-cü ildən reallaşdırılır və həmin marşrut vasitəsilə Çin məhsullarının Avropaya çatdırılma müddəti üç dəfə azalır.