Azərbaycanın şanlı Qələbəsinə həsr edilən kitab çin dilində nəşr olunub

 12-03-2024

“Regional İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan Qələbə və onun tarixinə həsr edilən “Vətən müharibəsi tarixi - şəxsiyyət faktoru” kitabının yeddi dildə nəşri ilə gənclərin tanışlığına həsr edilən tədbir keçirilib.

Əsas məqsədi bu kitab vasitəsi ilə gənc nəslə tarixi həqiqətlərin dolğun və ətraflı çatdırılması və onun geniş təbliği olan və birliyin könüllüləri, fəal gənclər, Bakıda təhsil alan çinli tələbələr, müharibə veteranları, qazilər, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə kitabın çin dilindəki nəşri təqdim edilib.

Tədbirin əvvəlində 44 günlük savaşda əldə edilən Qələbə və kitabın ərsəyə gəlməsinə həsr edilən videoçarx nümayiş etdirilib.

Tədbir iştirakçılarını salamlayan Bakı Kitab Mərkəzinin direktoru Günel Anar qızı kitabla bağlı təəssüratını bölüşərək bildirib ki, hər zaman verdiyi sözə əməl edən Prezident İlham Əliyev xalqına hansı vədi veribsə, onu sona kimi yerinə yetirib. Odur ki, gənclər də Prezidentin dediyi hər sözə sona kimi inanmalı və hər zaman ona dəstək olmalıdırlar.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov bildirib ki, Azərbaycan tarixində konkret bir tarixi hadisə haqqında yazılan kitab qısa zaman kəsiyində yeddi dildə nəşr edilən ilk nəşrdir. Onun xüsusi əhəmiyyəti isə hadisələrin məhz hadisə iştirakçılarının dilindən nəql olunmasıdır. Kitabda şanlı Qələbənin əldə olunmasının ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində  mümkün olduğu xüsusi vurğulanıb.

Gənclərin müzakirəsinə çıxarılan kitab nəinki ölkəmizdə, eyni zamanda, ölkə xaricində oxucu və ekspertlərin böyük marağına səbəb olduğundan Azərbaycan, türk, ingilis, rus, ərəb, fars və çin dillərində  nəşr edilib. Hazırda kitabın urdu dilində tərcüməsi üzərində işlər davam edir.

Tədbirdə çıxış edən “Regional İnkişaf” İctimai Birliyin nümayəndəsi Murad Qasımlı, Vətən müharibəsi qazisi Qadir Daşdəmirov, çinli tələbə Jikai Cao və başqaları bildiriblər ki, kitabda Azərbaycanın Birinci Qarabağ müharibəsində məğlubiyyətinin səbəbləri və ölkənin öz torpaqlarını işğaldan azad etməsi istiqamətində həyata keçirdiyi işlərin geniş təhlili verilib. Kitabda ​Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mədəni-tarixi irsin bərpası istiqamətində aparılan genişmiqyaslı işlər oxucunun diqqətinə çatdırılır.

Gənclərin böyük marağına səbəb olan tədbirin sonunda bədii hissə təqdim edilib.

Bənzər yazılar

0.106201171875