Rusiya ilə quru sərhədləri açılır? - AÇIQLAMA

 11-03-2024

Tərəflər iki ölkənin turoperatorları arasında daha sıx əlaqə yaratmaq barədə razılığa gəliblər. Görüşdən sonra rus mətbuatında Azərbaycanın Rusiyayla quru sərhədlərini açacağı ilə bağlı məlumatlar paylaşılıb. 

Bəs bu məlumat həqiqəti əks etdirir? 

Modern.az məsələ ilə əlaqədar Dövlət Turizm Agentliyi ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında qurumun mətbuat katibi Gülnar Mustafayeva quru sərhədlərin açılması ilə əlaqədar razılaşmanın olmadığını söyləyib:

“Ötən həftə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov arasında görüş baş tutub. Görüşdə ikitərəfli turizm əlaqələrinin inkişafına töhfə verəcək bir sıra məsələlər - birbaşa uçuşlar, Moskvada Azərbaycanın turizm nümayəndəliyinin açılması, qış turizmi üzrə əməkdaşlıq, Azərbaycanın turizm imkanlarının Rusiyada tanıdılması, investisiya imkanları, marketinq və tanıtım kampaniyaları, turizm sənayesi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Müzakirə olunan məsələlər arasında quru sərhədlərinin açılması halında turizm əlaqələrinin intensivləşməsi də olub. Quru sərhədlərinin açılması haqda razılıq əldə olunması və ya müqavilə bağlanması isə Dövlət Turizm Agentliyinin səlahiyyətlərinə daxil deyil”. 

Bənzər yazılar

0.059376955032349