Deputat: Bizə nə istisi, nə də soyuğu var, Emmanuel xalası, Cozep nənəsi...

 05-03-2024

“Avropa Parlamenti adlanan, siyasi populizm xəstəliyinə yoluxmuş faydasız bir qurum növbəti kağız parçasını qəbul edib.
Kağız parçasında bu siyasi abırszlıq yuvası həyasızcasına Azərbaycanı hücumlarda və etnik təmizləmələrdə ittiham edir”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Kamran Bayramov parlamentin plenar iclaısnda çıxışı zamanı deyib.

Deputat daha sonra qeyd edib: “Sual yaranır ki, niyə Avropa Parlamenti erməniləri müdafiə etdiyi kimi illərlə Qərbi Azərbaycanda və Qarabağda etnik təmizləmələrə, deportasiyalara, soyqırımlara məruz qalmış azərbaycanlıların haqlarını bu günə qədər qorumayıb? Niyə bu ağır cinayətlərə hüquqi qiymət verməyib? Niyə xalqımıza məxsus tarixi, dini və mədəni irsin məhv edilməsi hallarının araşdırılmasını qətnamələrinə və hesabatlarına salmayıb? Çünki Avropanın erməni bacıları, Emmanuel xalası, Cozep nənəsi buna imkan vermir. Həm də nəzərə almalıyıq ki, Avropa Parlamenti yeni seçkilərə hazırlaşır və anti-Azərbaycan hücumları erməni diasporundan müəyyən deputatlara və partiyalara səs qazandırmaq məqsədini daşıyır”.

Deputat onu da əlavə edib ki, kağız parçasındakı bu islamofob və irqçilər yığını ərazimizdə Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsinə çağırır: “Bu çağırışdan daha bir qənaətə gəlmək olar: Avropa Parlamenti, deyəsən, Azərbaycanı Ermənistanla səhv salıb. Bu qurum, onun üçün çətin də olsa, dərk etməlidir ki, Ermənistandan fərqli olaraq Azərbaycan kimlərinsə maraqlarına görə, maddi nemətlərə görə, şübhəli vədlərə və imtiyazlara görə öz müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini və şərəfini heç bir halda qurban verməz!

Həqiqət ondadır ki, Avropa Parlamenti regionumuzda nə sülhün, nə təhlükəsizliyin, nə də sabitliyin bərqərar olunmasını istəyir. Məqsədi isə bəzi Avropa dairələrinin regionda mövcudluğunu artırmaq, mövqelərini gücləndirmək, digər regional oyunçuların maraqlarına xələl gətirməkdir.

Təəssüf ki, Avropa Parlamenti populizm, ikiüzlülük və riyakarlıq xəstəliklərindən heç vaxt sağalmayacaq. Ona görə də bu məsələni ürəyimizə çox salmayaq. Aydındır ki, zəfərlərimiz, uğurlarımız və artan nüfuzumuz onları əməlli narahat edir, içlərini yandırır, gecələr yatmağa belə imkan vermir.

Əgər Avropa Parlamenti ölkəmizə qarşı qərəzini, nifrətini və aqressivliyini davamlı şəkildə nümayiş etdirirsə, deməli, biz düz yoldayıq. Nə qədər ki biz düz yoldayıq, qoy o qədər də onlar kağızlarını israf etsinlər, qatlalayıb arxivlərinə qoysunlar, onsuz da həmin kağızların bizə nə istisi var, nə də soyuğu”.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.17453408241272