Prezident Milli Arxiv İdarəsinin rəisini “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

 02-03-2024

Azərbaycan Respublikasında arxiv işi sahəsində səmərəli fəaliyyətinə görə Əsgər Adil oğlu Rəsulov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Əsgər Adil oğlu Rəsulov 1954-cü il martın 3-də Naxçıvan şəhərində anadan olub. O, 1960-1970-ci illərdə Naxçıvan şəhərində Əkbər Ağayev adına 1 nömrəli orta internat məktəbdə oxuyub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olub və 1971-1976-cı illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1980-ci ildən BDU-da çalışır. Filologiya üzrə elmlər doktoru, professordur.

Əsgər Rəsulov universiteti bitirdikdən sonra dörd il SSRİ Xarici İqtisadi Əlaqələr Komitəsinin xətti ilə Türkiyə Cümhuriyyətində tərcüməçi işləyib.1980-ci ildən bu günə qədər BDU-də baş laborant, müəllim (1981), baş müəllim (1985), dosent (1987) və professor (2007) kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir.

O, 1989-1992-ci illərdə SSRİ-nin Ankaradakı səfirliyində mütərcim-referent vəzifəsində işləyib. Əsgər Rəsulov 1983-cü ildə “Türk ədəbiyyatında oçerk janrı” mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2005-ci ildə isə Türk ədəbiyyatında bədii-publisistik janrların yaranması və inkişaf yolları” mövzusunda filologiya üzrə elmlər doktoru dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

2012-ci ilin noyabrında Prezidentin sərəncamı ilə Milli Arxiv İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Əsgər Adil oğlu Rəsulov respublikamızda ilk dəfə 1989-cu ildə nəşr olunmuş və bu günə qədər hər dəfə yenidən işlənib təkmilləşdirilərək müxtəlif illərdə dörd dəfə nəşr edilən ilk “Türk dili” dərsliyinin (prof. R.Rüsəmovla birgə), eləcə də” Türk sənədli-bədii nəsri”, “Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili”, “Türkcə-rusca-azərbaycanca dilçilik terminləri lüğəti”, “Dilmanc” kimi 10-a yaxın kitabın, 15 fənn proqramının, Azərbaycanda və xaricdə nəşr edilmiş 100-dən artıq elmi və ədəbi-tənqidi məqalənin müəllifidir. O, 20-yə yaxın kitabın ixtisas və tərcümə redaktoru olub. Bir çox beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etib.

Bənzər yazılar

0.1764669418335