Rusiya Kamilə görə Bakıdan nə, yoxsa kimi istəyir?

 21-02-2024

Kamil Zeynallının Ermənistanın tələbi ilə Rusiyada saxlanılması ətrafında çoxsaylı müəmma var, xüsusilə niyə indi saxlanılması maraqlıdır.

Məlumata görə, Zeynallıya qarşı 29 sentyabr 2020-ci ildə cinayət işi açılıb, 2023-cü ilin mayında interpol xətti ilə axtarışa verilib:

- prosesdur qaydalarına görə Ermənistan Azərbaycan vətəndaşını MDB məkanında axtarışa verirsə, bununla bağlı təşkilatın rəsmi məlumatı olmalı idi;

- onun Ermənistan tərəfindən axtarışa verilməsindən sonra dəfələrlə Rusiyada olduğu haqda məlumatlar var, niyə indi saxlanılır?

Ermənistan tərəfi ziddiyyətli açıqlamalar verdi: Baş Prokurorluğu “Zeynallının həbsi ilə bağlı onlarda məlumatın olmadığını” bildirdi, halbuki, rəsmi axtarışa veriblərsə, həbsdən dərhal sonra İrəvana məlumat verilməli idi. Bu təkzibdən sonra Ermənistan DİN Zeynallının axtarışa verildiyini təsdiqlədi. Ermənistan Baş Prokurorluğu və DİN-in ziddiyyətinin səbəbi müəmma olaraq qalır.

Ermənistanın Zeynallıya qarşı irəli sürdüyü ittihamlar “müharibə” ilə bağlıdır. Söhbət onun 44 günlük müharibədə Qarabağda “etdiklərindən” gedir. Ki, bu yalnız Ermənistanın iddialarından ibarətdir. Lakin bu ittihamlara görə Zeynallının Ermənistana təhvil verilməsi hüquqi baxımdan mümkün deyil. Çünki Ermənistan Azərbaycan vətəndaşını, yaxud Azərbaycan Ermənistan və ya digər ölkənin vətəndaşını yalnız o halda həbs edə bilər ki, həmin şəxs axtarış tələbi ilə çıxış edən ölkənin ərazisində cinayət törətsin. Zeynallı Ermənistanda heç bir cinayət törətməyib, onun “nəsə etdiyi” iddia etdikləri Qarabağ Azərbaycan ərazisidir.

Bu həbsdə Rusiyanın marağı daha çox görünür. Və istisna deyil ki, Zeynallını həbs edən Moskva onun qarşılığında Azərbaycandan nəsə, yaxud kimisə istəsin. Zeynallının 44 günlük müharibədə “nəsə etdiklərinə” dair görüntülərin olması və Ermənistan tərəfindən “ittiham edilməsi” “qurban” olaraq onun seçilməsində rol oynaya bilər, yaxud rusların “qurban” olaraq başqa seçimləri olmayıb.

Asif Nərimanlı
Ölkə.az

Bənzər yazılar

0.17306685447693