YPX əməkdaşının "kefli" çıxardığı "Lexus" sürücüsü "ayıq" imiş - "Cibində nə qədər pulun var?"

 08-01-2024

Abşeronda Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) Yol Polis Xidmətinin əməkdaşı "Lexus 470" markalı, "BG" seriyalı avtomobilin sürücüsünə "keflisən" deyib və maşınını cərimə meydançasına aparıb. 

Qaynarinfo.az-ın məlumatına görə, avtomobilin sahibi Aftandil Əsədov YPX əməkdaşını onu aldatmaqda ittiham edərək, Abşeron rayon Məhkəməsinə şikayət edib. 

Məhkəmədə Aftandil Əsədov bildirib ki, Mehdiabad yolunda "Lexus 470" markalı, "BG" seriyalı avtomobili idarə edərkən mobil telefonuna zəng gəlib və telefona cavab vermək istəyərkən qarşıdan gələn YPX əməkdaşları ona saxla əmri verib.

Avtomobili saxladıqdan sonra özünü sonradan Xüsusi Tağım baş yol inspektoru kimi təqdim edən YPX əməkdaşı ona qarşı bir sıra qanunsuz hərəkətlər edib.

Belə ki, YPX əməkdaşı yanındakı digər əməkdaşın vasitəsi ilə onu əyləşdiyi xidməti maşınına çağırmış və maşına əyləşdikdən sonra mobil telefonla danışdığına görə qaydaları pozduğunu deyib. Daha sonra özündə olan cihazın vasitəsi ilə güya sərxoşluğunu təyin edib və əsassız olaraq onu içkili olmaqda ittiham edib. 

Aldatma yolu ilə onun avtomobilini Novxanıda yerləşən cərimə meydançasına aparıblar. Aftandil Əsədov telefonla danışmasını etiraf edib, lakin "kefli", yəni sərxoş olmadığını desə də, polis əməkdaşı Zeynalov buna əhəmiyyət verməyib. Sürücünün buraxılması qarşılığında ondan cibində nə qədər pulun olması soruşulub. O isə cibində 65 manat pul olduğunu deyib, Zeynalov isə bu pulun az olduğunu və cihazın onun 0,321 dərəcədə sərxoş olduğunu təyin etdiyini bildirib. 

O, bununla razılaşmadığını dedikdə və həkim müayinəsindən keçirilməyi tələb etdikdə, polis əməkdaşı onunla razılaşmayıb, cihazın düzgün olduğunu və bu səbəbdən barəsində protokol tərib ediləcəyini bildirib. 

Aftandil Əsədov saat 11:00 radələrində cərimə meydançasından çıxıb, həmin gün saat 12:15-də sərxoşluqa dair tibbi müayinədən keçib. Aparılan tibbi müəyinə nəticəsində onun ayıq olduğu təyin edilib. Axşam saatlarında Baş Dövlət Yol Polis İdarəsinə gedərək, tibbi müayinə protokolunu təqdim etmək istəyib, idarədə lakin heç kəsin olmadığı bildirilib və səhər yaxınlaşması deyilib.

Sürücü hadisənin səhəri günü Baş Dövlət Yol Polisi İdarəsinə gedərək, barəsində tərtib olunmuş tibbi müayinə protokolunu təqdim edib, lakin bu protokola heç bir əhəmiyyət verilməyərək, sürücülük vəsiqəsi də alınıb, barəsində inzibati xəta haqında protokol tərtib olunduğu deyilib.  

O, həmin protokolla razılaşmadığı üçün şikayətlə BDYPİ-nə müraciət edib, lakin şikayəti təmin olunmayıb. DİN BDYPİ-nin əməkdaşı onu İnzibati Xətalar Məcəlləsinin 342.6  və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilib, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edib və həmin gün qərarı ona təqdim olunub.

Aftandil Əsədov qərardan narazı olduğu üçün hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. O, hesab edir ki, əməlində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Beləliklə, işin faktiki hallarını və qanuni əsaslarını nəzərə alaraq hesab edir ki, DİN BDYPİ-nin əməkdaşı tərəfindən barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın qismən, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinn 333.1-ci hissəsində ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Məhkəmə Afdandil Əsədovun şikayətini təmin edib. DYP əməkdaşı tərəfindən Aftandil Əsədov barəsində tərtib olunmuş inzibati təneh vermə haqqında İnzibati Xətalar Məcəlləsinib 333.1-ci hissəsində ləğv edilərək, iş üzrə icrataa xitam verilib.

Qeyd edək ki, 333.1 maddə (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır) ilə sürücü 400 manat cərimələnir, sürücülük vəziqəsinə 5 bal yazılır. 342.6 maddə (Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə) isə 50 manat cərimə nəzərdə tutur.

Bənzər yazılar

0.21511888504028