Abşeron Rayon Mədəniyyət Mərkəzində ürəkbulandıran, mədəniyyətdən uzaq mənzərə hökm sürür

 19-03-2022

Mədəniyyət evində ürəkbulandıran, mədəniyyətdən uzaq mənzərə hökm sürür.

Oxu.Az xəbər verir ki, söhbət Abşeron Rayon Mədəniyyət Mərkəzidir. Videogörüntüləri sosial şəbəkədə tanınmış nitq təlimçisi Cəlalə Nəzəroğlu paylaşıb.

Paylaşımda oğlunun tədbiri ilə əlaqədar sözügedən Abşeron Rayon Mədəniyyət Mərkəzinə getdiyini qeyd edən C.Nəzəroğlu deyib ki, sanitar qovşağın kəskin qoxusu ətrafa yayılıb:

“Bu gün oğlumun tədbiri var idi. Onun təbii ehtiyacı gələndə heç kimdən tualetin yerini soruşmadım. Çünki yuxarı mərtəbəyə qədər qoxusu yayılırdı. Aşağı düşəndə qoxu artdı və asanlıqla tapdıq. Mədəniyyət elə ən birinci təmizlikdən başlayır.

Görəsən, nə hikmətdir ki, ölkədə olan dövlət müəssisələrinin, o cümlədən, orta və ali məktəblərin sanitar qovşaqlarında eyni üfunət dolu mənzərə var. Bakıda və bölgələrdə onlarla dövlət məktəbində, dövlət qurumunda olmuşam, vəziyyət eynidir. Ayaqyoluna qarşı belə barmaqarası münasibət nədən qaynaqlanır? Görəsən, o “mədəniyyət” mərkəzinə məsul olanların təmizlik mədəniyyəti haqqında anlayışı necədir? Özləri istifadə edirlərmi? Yoxsa bəzi yerlərdə olduğu kimi, burada da xüsusi “mühafizə olunan”, açarla açılıb-bağlanan ayaqyolu var?

Hər şeyi dövlətdən gözləmək olmaz! Dövlət belə mərkəzlərin saxlanılmasına ildə milyonlarla manat vəsait ayırır. Daha bilmir ki, ən vacib məsələ belə gözardı edilir. Pandemiya kəsilər, amma belə mikrob yuvası olan yerlərdən yayılan xəstəliklər heç vaxt kəsilməz”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, Mədəniyyət evindəki biabırçılığın aradan qaldırılması üçün təlimat verilib.

Nazirlik yayılan görüntülərin həqiqətən də Abşeron Rayon Mədəniyyət Evində çəkildiyini təsdiq edib: “Təəssüf ki, belə bir mənzərə ortaya çıxıb. Abşeron Rayon Mədəniyyət Evi Sumqayıt Şəhər Mədəniyyət İdarəsinə tabedir. Yayılan görüntülər əsasında aidiyyəti üzrə təlimatlar verilib. Artıq Abşeron Rayon Mədəniyyət evinin sanitar qovşağındakı anti-sanitar vəziyyətin aradan qaldırılması istiqamətində təmir işlərinə başlanılıb”.

Bənzər yazılar

0.14272904396057