"Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin ailə üzvləri haqqında məcburi gətirilmə qərarı çıxarılıb.
"Azadliq.org” xəbər verir ki, iş adamının xanımı Fəridə Qədimova və oğlu Orxan Qədimbəyli barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində verilib.
R.Cabbarova özünü qismən təqsirli bilsə də, deyir ki, qarşı tərəf ziyanın məbləğini çox şişirdib. Ehtiyac üzündən cinayətə əl atdığını söyləyən R.Cabbarova vurğulayıb ki, oğurladıqlarının hamısı sonradan geri qaytarılıb. Onun sözlərinə görə, oğurlanan qızıl-zinət əşyalarının dəyəri zərərçəkmiş tərəfin iddia etdiyindən dəfələrlə az olub. İttihamda elə əşyalardan bəhs edilir ki, onları ümumiyyətlə oğurlamayıb.
Təqsirləndirilən şəxsin fikrincə, Qədimbəylilər ailəsi qisas almaq üçün ziyanın məbləğini şişirdir, axı ziyanın məbləği 500 min manatdan az göstərilsəydi, Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham veriləcəkdi. Bu maddənin sanksiyasında isə cəza müddəti 5 ildən 10 ilədəkdir.
Bu cinayət işi üzrə zərərçəkmiş qismində Y.Qədimbəylinin xanımı və oğlu tanınıb. Onların məhkəmədə nümayəndəsi və vəkili olsa da, özləri ötən ilin noyabrından sürən məhkəmə prosesinə gəlmirlər.
Təqsirləndirilən şəxs və onun vəkili Fəridə Qədimova və Orxan Qədimbəylinin məhkəməyə gəlməsini tələb edərək onlara şəxsən ünvanlanası və nümayəndənin cavab verə bilməyəcəyi sualları olduğunu söyləyirlər. Bu üzdən, hakimlər zərərçəkmiş ana və oğulun məhkəməyə məcburi gətirilməsi qərarını çıxarıb. Belə qərarlar icra olunmasından ötrü daxili işlər orqanlarına göndərilir ki, polis şəxsi tapıb məhkəməyə gətirsin.