Qərbi Azərbaycan Xronikası: Qədim Şaman inancını yaşadan Bala Məzrə kəndi - VİDEO

 16-12-2023

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Bala Məzrə kəndi haqqında xüsusi veriliş hazırlanıb.

Verilişdə Bala Məzrə kəndinin etnoqrafiyası, adət-ənənələri, mətbəxi, toyları, aşıq sənəti, bayram ənənələri, kənd təsərrüfatı və digər sahələrindən geniş söhbət açılıb. Bildirilib ki, Bala Məzrə rayon mərkəzindən 9 kilometr şimalda, Məzrə çayının yanında yerləşir.

“İrəvan əyalətinin icmal dəftəri”ndə Məzrə formasında, Qafqazın 5 verstlik xəritəsində Bala Məzrə kimi qeyd edilib. Kəndin bir adı da “Qulu ağalı” olub. Kəndin ərazisində X-XII əsrlərə aid alban kilsəsi, IV-VII əsrlərə aid oğuz qəbiristanlığı vardır. Toponim ərəb dilində “əkilmiş yer, sürülüb toxum səpilmiş tarla” mənasında işlənən məzrə (məzru) sözü əsasında formalaşıb.

Qeyd olunub ki, kənddə 1831-ci ildə 227, 1873-cü ildə 675, 1886-cı ildə 978, 1897-ci ildə 1200, 1908-ci ildə 1658, 1914-cü ildə 1731, 1916-cı ildə 1375 nəfər azərbaycanlı yaşayıb.

Vurğulanıb ki, 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulub. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanları kəndə qayıda bilmişlər. 1922-ci ildə burada 359, 1926-cı ildə 653, 1931-ci ildə 912, 1987-ci ildə 2000 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmuşdur. Süjetdə Bala Məzrə adının yaranmasından, sirli daşı bulağın gözünə qoymaqla yağış yağdırmanın sirrindən, toy günü bəyi döymək adətindən, Göytürk, Qıpçaq və Oğuz adətlərini yaşadan Bala Məzrədə yaylaqda qurda pay vermə adətindən, ermənilərin Qoşqar dağındakı daşın üstünü rənglənməsinin səbəbindən, eləcə də Bala Məzrədə yazılmış qədim yazının mənasından bəhs olunur.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

0.21178913116455