Sahibə Qafarova Mərakeşə səfərə gedib

 14-12-2023

Dekabrın 14-də Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkə Parlamentinin Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Mərakeş Parlamentinin Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami Milli Məclisin sədri Sahibə Qafarovanı səmimiyyətlə salamlayaraq, dəvəti qəbul edib səfərə gəldiyinə görə Azərbaycan parlamentinin rəhbərinə təşəkkür edib. Azərbaycanın ölkəsi üçün qardaş ölkə olduğunu deyən Raşid Talbi El Alami ölkələrimiz arasında əlaqələrin genişlənməsinin vacibliyini qeyd edib. O, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, işgüzar dairələr arasında əlaqələrin əhəmiyyətini diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycan və Mərakeşin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəklədikləri qeyd olunaraq, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin və həmrəyliyin əhəmiyyəti vurğulanıb. Nümayəndələr Palatasının sədri Azərbaycanı öz suverenliyini bərpa etməsi münasibətilə təbrik edib.

Raşid Talbi El Alami ölkəmizə səfərləri çərçivəsində 2022-ci ilin iyun ayında Qoşulmama Hərəkatının Bakı konfransında və 2023-cü ilin may ayında Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakını məmnunluqla xatırladaraq, ölkəmizlə bağlı xoş fikirlərini ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycan və Mərakeş arasında siyasi, iqtisadi, himanitar əlaqələrin vacibliyini diqqətə çatdırıb.

Görüşdə ikitərəfli əlaqələrin inkişafında parlamentlər arasında əməkdaşlığın vacib rolu diqqətə çatdırılıb. Spiker Sahibə Qafarova qanunvericilik orqanlarımız arasında əlaqələrin inkişaf etdiyini bildirib. Qeyd olunub ki, hər iki ölkənin parlamentində dostluq qrupları uğurla fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq parlament təşkilatlarında bir-birinə dəstək verirlər.

Görüşdə ali qanunvericilik orqanlarının komitələri və parlament aparatları arasında da əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin, qanunverici orqanlarımızın hüquqi, iqtisadi, humanitar, ailə dəyərləri və qadın məsələləri üzrə birgə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi nəzərə alınaraq, parlamentlərimizin iqlim dəyişiklikləri üzrə də əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Raşid Talbi El Alami Azərbaycanın bu tədbirə ev sahibliyi etmək hüququ əldə etməsi münasibətilə öz təbriklərini çatdırıb.

Milli Məclisin sədri parlamentlərimizin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də əməkdaşlığının vacibliyini ifadə edərək, Şəbəkənin bu günə qədər keçirilən bütün konfranslarında Mərakeşin ən yüksək səviyyədə təmsil olunduğunu məmnunluqla xatırladıb. Sahibə Qafarova Nümayəndələr Palatası sədrinin Qoşulmama Hərəkatının Bakı konfransında və Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakına görə minnətdarlığını bildirib.

2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərindən danışan spiker Sahibə Qafarova bu seçkiləri tarixi seçkilər kimi xarakterizə edib. O, deyib ki, bu seçkiləri əvvəlkilərdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, bu dəfə seçkilər Azərbaycanın bütün suveren ərazisində keçiriləcək.

Görüşdə spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, 30 il ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub. Bu 30 ildə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsinə dair bir çox sənədlər və qətnamələr qəbul olunsa da, bu sənədlər icra olunmayıb. 2020-ci ildə isə Azərbaycan öz gücü hesabına, 3000 şəhidin qanı bahasına torpaqlarını işğaldan azad edib.

Milli Məclisin sədri ölkəmizin Vətən müharibəsində qazandığı Qələbədən sonra regionda yaranmış yeni reallıqlar barədə də məlumat verib. Sahibə Qafarova cari ilin sentyabr ayında uğurla yekunlaşan lokal antiterror tədbirləri nəticəsində Qarabağda separatizmə son qoyulduğunu, suverenliyimizin tam bərpa edildiyini diqqətə çatdırıb. O, hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə Mərakeş tərəfinə təşəkkürünü ifadə edib.

Milli Məclisin sədri son günlərdə Azərbaycan və Ermənistan arasında etimad quruculuğu istiqamətində həyata keçirilmiş tədbirlər haqqında da məlumat verib. O, deyib ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. O, ümid etdiyini bildirib ki, saziş tezliklə imzalanacaq.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İmamverdi İsmayılov, qrupun üzvü Ağalar Vəliyev, Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Bənzər yazılar

0.16583800315857