Zaqatalada çaqqal məktəblilərə və valideynlərə HÜCUM ETDİ

 12-12-2023

Zaqatalada çaqqal məktəblilərə və onların valideynlərinə hücum çəkib. Hadisə rayonun Muxax kəndi ərazisində baş verib. 

Bizim.media-nın yerli bürosu xəbər verir ki, on min nəfərə yaxın əhalisi olan Muxax kəndində vəhşi heyvanlar dəfələrlə insanlara hücum çəkib. 

Növbəti hadisə isə dünən səhər saatlarında şagirdlər məktəbə gedərkən baş verib. Belə ki, 2 nömrəli tam orta məktəbə dərsə gedən zaman çaqqal üç şagirdə və iki valideynə müxtəlif bədən xəsarətləri yetirib. Muxax kənd sakini Ramazan Mikayılov bildirib ki, belə hallarla tez-tez qarşılaşırlar

“Vəhşi heyvanlara, çaqqala, canavara kəndin küçələrində vaxtaşırı rast gəlinir. Onları kimsə vura, ya öldürə bilməz. Kim vursa, həmin an gəlib onu cərimələyirlər. Bəs onda belə hallara nə deyəsən?” - deyə kənd sakini çıxılmaz vəziyyətə düşdüklərini dilə gətirib. 

Digər kənd sakinləri də məsələnin həlli üçün müvafiq təşkilatlardan kömək istəyib. 

Qeyd edək ki, insanlara hücum çəkən çaqqal son anda sakinlər tərəfindən məhv edilib. Bu gün isə onun başı kənd baytar həkimi tərəfindən kəsilərək laborator müayinə üçün Qida Təhlükəsizliyi Agentliyinə göndərilib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, çaqqal hücumuna məruz qalan sakinlərə ilkin tibbi yardım göstərilib, ilk növbədə quduzluq əleyhinə vaksin vurulub, müalicələr təyin edilib və ambulator şəraitdə müalicələri davam edir.

 

Bənzər yazılar

0.19803500175476