Bağça müəllimlərinin təhsili qaydalarında dəyişiklik ediləcək

 11-12-2023

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərin minimum bakalavr təhsili səviyyəsində hazırlanması əsas məqsəddir.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

O söyləyib ki, yaxın gələcəkdə bununla bağlı dəyişiklik barədə məlumat vermək mümkün olacaq.

Gələn ilin sentyabr ayından bağçalarda dövlət-özəl əməkdaşlığının pilot layihədə tətbiqi nəzərdə tutulur.

Onun sözlərinə görə, hazırda məsələ müzakirə olunur: "Bağçalar dövlət tərəfindən maliyyələşir, özəl sektor isə burada idarəetmə və keyfiyyəti təmin edə bilər. İlkin layihələr hazırdır və alternativ modellərin tətbiqi istiqamətində UNICEF-lə ciddi əməkdaşlıq edirik. Müzakirə mərhələsində olan digər layihə isə kiçik kəndlərdə ailə tipli məktəbəqədər təhsil modelləridir. Bu da uşaqların məktəbəqədər təhsilə cəlbinin əhatəliliyinin artırılmasına kömək edəcək".

Orta təhsilli 20 yaşlı bir xanımı sadəcə olaraq işlə təmin etmək üçün məktəbəqədər təhsilə götürmək olmaz. Bizim az qala gələcəyimizin məktəbəqədər təhsildən asılı olduğundan danışırıqsa, orada təhsilli, bacarıqlı insanların işləməsini təmin etməyimiz olduqca vacibdir.

"Biz adi orta məktəb attestatı kvalifikasiyası ilə uşaqların inkişafını təmin edə bilmərik. Mənim o insanların şəxsiyyəti ilə işim yoxdur. Məsələnin ancaq peşəkarlıq tərəfindən danışırıq. Çünki bu, olduqca vacib sahədir. Burada bizim mövqeyimiz kimisə qınamaq, pis vəziyyətdə qoymaq deyil.

Uzun müddət biz məktəbəqədər və ibtidai təhsilə orta ixtisas təhsili kimi baxmışıq. Biz artıq ibtidai təhsil üçün uzun müddətdir orta təhsilli müəllimlər hazırlamırıq. Yəqin eyni model məktəbəqədər təhsilə də tətbiq olunacaq.

İndiyə qədər kim çalışırsa, işini davam etdirəcək. Onlara daha çox təhsil vermək və inkişaf etdirmək işimizin bir parçası olacaq. Amma növbəti mərhələlərdə məktəbəqədər təhsil səviyyəsi üzrə mütəxəssislərinin minimum bakalavr pilləsində hazırlanmasına nail olmalıyıq. Qısa müddətdə bununla bağlı dəyişiklikləri diqqətinizə çatdıracağıq" - deyə nazir qeyd edib.

Elm və təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsillə bağlı əsas hədəflərini açıqlayıb.

Nazir bildirib ki, məktəbəqədər təhsilə uşaqların cəlbi və əhatəliliyinin artırılması əsas hədəflərdəndir: "Hazırda bu göstərici 37 %-dir, halbuki digər inkişaf edən ölkələrdən geri qalırıq. Amma yaxşı hal odur ki, istiqamət olaraq bu rəqəmi 16 %-dən 37%-ə yüksəltmək də yaxşı nəticədir. Bunun 37 %-nin yarısı da alternativ məktəbəqədər təhsil modelləri ilə həll olunur".

Azərbaycan təhsilində son illərdə baş verən ən yaxşı dəyişikliklərdən biri azyaşlıların məktəbəhazırlıq qruplarına cəlb olunmasıdır.

O bildirib ki, həmin uşaqların PİSA nəticələri 2039-cu il tədqiqatında görünəcək:

"Məktəbəqədər yaş dövründə müdaxilələr o qədər də baha deyil. Burada çox sadə müdaxilələrin böyük nəticələri olur. Məsələ, sadəcə onlarla oyun oynamaq, onlarla vaxt keçirmək, uşaqlara kitab oxumaqdır. Bunu hər kəs edə bilər. Evdəki kitabların sayı, valideynlərin kitab oxuma səviyyəsi uşaqların inkişafına təsir edir".

 

 

Bənzər yazılar

0.22786498069763