Moskvada küçələrdən birinə Heydər Əliyevin adının verilməsi təşəbbüsü müsbət qarşılanıb

 10-12-2023

Azərbaycan Milli Məclisinin deputatı Emin Hacıyev Rusiyanın paytaxtı Moskva şəhərində küçələrdən birinə Heydər Əliyevin adının verilməsi təşəbbüsü ilə çıxış edib.

“Report” xəbər verir ki, millət vəkili təklifini dekabrın 8-də Bakıda Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiya Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 20-ci iclasında səsləndirib.

E.Hacıyev xatırladıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan edilib.

“Heydər Əliyev dünya miqyasında tarixi şəxsiyyətdir. Bildiyiniz kimi, 1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Onun SSRİ sənayesinin və iqtisadiyyatının inkişafına verdiyi töhfəni qiymətləndirmək çətindir.

Bu gün Rusiyada Heydər Əliyevi ehtiramla yad edirlər. Axı Heydər Əliyev ən məhsuldar illərini Moskvada keçirib və yaradıb. Mən Moskvanın küçələrindən birinə Heydər Əliyevin adının verilməsi məsələsi ilə bağlı təşəbbüs göstərmək istərdim”.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin bu təşəbbüsü müsbət qiymətləndirib.

“Biz bu məsələni mütləq nəzərə alacağıq. Moskvadan olan həmkarlarımızla, senatorlarla, şəhər hökuməti ilə birlikdə bu məsələnin üzərində işləyəcəyik və hüquqi baxımdan əhəmiyyətli tədbirlər görəcəyik. Biz bu məsələni həll etmək üçün parlament potensialımızdan istifadə edəcəyik”.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Bənzər yazılar

0.18624186515808