Daşkəsəndə həmkəndlisini xəncərlə qətlə yetirməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayır

 27-11-2023

Daşkəsəndə həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Cari il avqustun 16-da Daşkəsən rayon Güneykənd kənd sakini 1969-cu il təvəllüdlü Məmməd Əmrahovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə istintaq tamamlanıb.

İstintaqla 2005-ci il təvəllüdlü Elnur Quluyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı soyuq silah hesab edilən xəncərlə həmkəndlisi Məmməd Əmrahova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Elnur Quluyevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Bənzər yazılar

0.19513392448425