Natiq Mehdi döyülərək öldürülübmüş - Qətlin detalları

 15-05-2024

Müsavat Partiyasının fəal üzvlərindən olan Natiq Mehdinin qətlə yetirilməsi​ ilə bağlı bəzi detallar üzə çıxıb.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə mayın 9-da Xətai rayonu 55 saylı orta məktəbin binasında baş verib.

Həmin gün axşam saatlarında məktəbin mühafizəçisi 1964-cü il təvəllüdlü Natiq Mehdi ilə məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) 1966-cı il təvəllüdlü Elsevər İslamov arasıda mübahisə baş verib.

Şəxsi münasibətlər zəminində baş vermiş mübahisə daha sonra münaqişəyə çevrilib. Direktor müavini saat 23 radələrində, yəni məktəbdə heç kimin olmadığı vaxt Natiq Mehdiyə əl və ayaqları ilə zərbələr endirib. Ağır xəsarətlər alan 60 yaşlı şəxsin huşsuz vəziyyətdə qaldığını və vəfat etdiyini görən Elsevər İslamov daha sonra onun meyitini avtomobilə yerləşdirib. İdmanla məşğul olan şübhəli şəxs N.Mehdinin nəşini Xəzər rayonu ərazisində boş sahəyə apararaq gecə saatlarında basdırıb.

Onu da qeyd edək ki, bu hadisə barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bildirilir ki, məlumat əsasında Xətai rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mehdinin qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib:

“Natiq Mehdinin meyiti basdırıldığı yer Elsevər İslamovun istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq prokuror-kriminalistin və ekspert iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub”.

 

 

Bənzər yazılar

0.057759761810303