Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun cinayət işi ilə bağlı Ali Məhkəməyə müraciət edilib.
Qaynarinfo xəbər verir ki, Rəşad Abdulov iş üzrə hakim təyin olunub. Məhkəmə iclasının vaxtı hələ ki, müəyyən edilməyib.
Daşqın Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə təqsirləndirilir.
Onun barəsində həbs-qətimkan tədbiri seçilsə də, sonradan ev dustaqlığı ilə əvəzlənib. Məhkəmə zərərçəkənlər və onların qanuni nümayəndəsinin Daşqın Nəsirovun məhkəmə dövründə həbsdə saxlanılması haqda vəsatətlərini təmin etməyib.
Cinayət işinə gəlincə, ittihama görə Daşqın Nəsirov 2 ahıl qadının - 80 yaşlı Əzizəxanım Atayevanın və mərhum Xumara Şabanovanın Türkan qəsəbəsində, dəniz sahilində yerləşən torpaq sahələrini saxtakarlıqla ələ keçirməkdə təqsirləndirlir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Daşqın Nəsirova 5 il 6 ay şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi Daşqın Nəsirovun hökmdən verilmiş şikayətini təmin etməyib.
Daşqın Nəsirovla yanaşı, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi olmuş Rahil Babayev də eyni ittihamlarla məhkum edilib. Ona 2 il müddətinə azadlıqdan məhumetmə cəzası təyin edilib.
Daşqın Nəsirov və digərlərinin cinayət işi üzrə Xəzər Rayon İcra Hakimiyyəti və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti də zərərçəkən qismində tanınıb.