Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 üzvünə ev verməsi son günlər sosial mediada ən çox müzakirə olunan mövzudur. Sosial media istifadəçilərinin bir qismi ədəbiyyat adamlarına ev verilməsini müsbət qarşılamasa da, bir qismi həmin adamların evə ehtiyacı olduğunu bildirib. Elə ədəbiyyat adamları da bu məsələdə səssiz qalmayıblar. Ötən il maddi imkanının aşağı olması, mənzilini isitmək üçün qaz pulunu verə bilməməsi ilə gündəmə gələn filosof-yazıçı Əlisa Nicat məsələ ilə bağlı mətbuata danışıb.
O, hazırda ölkədə evə iddialı olacaq şair və yazıçıların olmadığını deyib: “Dünyanın heç yerində dövlət yazıçılara ev vermir, bu ənənə heç yerdə yoxdur. Sözüm pis çıxmasın, Azərbaycanda indi yazıçı, şair yoxdur. Hamı primitiv, bəsit, ibtidai yazır. İstedadına, düşüncə və təfəkkürünə görə Mirzə Fətəlilər, Nizamilər, Füzulilərin izi-tozu yoxdur. Yəni heç kim deməsin ki, ev filankəsə yox, mənə verilməlidir”.
Əlisa bəyin fikrini Azərbaycanın müasir dövr yazıçı və şairləri ilə müzakirə etdik. Ssenarist, yazıçı Cəlil Cavanşir Oxu.Az-a verdiyi açıqlamasında Əlisa Nicatın fikirləri ilə qismən razılaşdığını bildirib. Onun sözlərinə görə, yazıçıya, jurnalistə ev vermək ənənəsi SSRİ dövründən qalıb, yəni sovetlər üçün bu, çox normal idi. Yazıçı əlavə edib ki, sovet vaxtı ədəbi azadlığın olmadığı bir ölkədə yazıçını razı salmaq, qayğısına qalmaq lazım idi ki, mühacirətə qaçıb, ölkəni pisləməsin:
“Yəni bu, yaradıcı adamları susdurmaq üçün dövlətin siyasətinin tərkib hissəsi idi. Azərbaycanda bu ənənə, çox təəssüf ki, qalır. Bu baxımdan, yazıçılara ev verilməsinə, təqaüd ayrılmasına qarşıyam. Bunun əvəzinə yaradıcı adamlara dövlət başqa şəkildə dəstək olmalıdır. Məsələn, yazıçılara ayrılan evlərə çəkilən xərclə onlarla Azərbaycan yazıçısının əsərini tərcümə edib, dünyaya təqdim etmək olar. Dövlətin dəstəyi bu şəkildə olsa, həm faydalı, həm də daha dürüst olar”.
C.Cavanşir qeyd edir ki, yazıçıya ev verməkdənsə, müstəqil ədəbiyyat fondlarının yaranmasını, yazıçılara güzəştli qrantlar verilməsini düşünmək gərəkdir:
“Əlisa Nicat son dövr Azərbaycan ədəbiyyatından xəbərsiz olduğu üçün “Azərbaycanda indi yazıçı, şair yoxdur” kimi məsuliyyətsiz fikir səsləndirib. Azərbaycanda yazıçı da var, şair də, ədəbiyyatşünas da. Sadəcə, Azərbaycanda yazıçıya, şairə dövlətin diqqəti, qayğısı yoxdur. Ev vermək, təqaüd ayırmaq qayğı deyil. Çünki dövlətin bu tədbirlərini AYB kimi sovetdənqalma qurum həyata keçirir. Yazıçılara ev verilir adı altında AYB sədrinin yaxın ətrafına bəxşiş paylanır. Bu baxımdan dövlət yazıçıya, şairə ev, təqaüd verməyi təcili dayandırmalı, yazıçı və şairin sosial vəziyyətini yaxşılaşdırmağın daha etik, azad yollarını düşünməlidir”.
Prezident təqaüdçüsü, şair Eminquey Akif “Azərbaycanda indi yazıçı, şair yoxdur” fikri ilə razılaşmayıb:
“Bu, çox böyük iddiadır. Bu fikirlə razılaşmıram. Azərbaycanda imzalar var. O deyir ki, dünyanın heç bir yerində belə bir ənənə yoxdur. Əlisa bəy özü sovet dönəminin ən qaynar vaxtlarını görüb. Hansı ki, o vaxtlar da belə olub. Məsələ bu deyil. Məsələ odur ki, AYB bu evləri hansı meyarlara görə verib? Əgər Azərbaycan ədəbiyyatına xidmətlərinə görə verilirsə, bəs onda niyə Anarın sürücüsünə ev verilib? Onun hansı xidməti olub? Əgər hansısa bir yazar üç il məhsuldar işləsə, ona üç il sonra ev verilərsə, mən susaram. Deyərəm, layiqdir! Necə ki idmançı üç il ard-arda qızıl medal qazanır, dövlət də onu mükafatlandırır”.
Yazıçı Cavid Ramazanlı “dövlət ədiblərə ev verməməlidir” fikri ilə razıdır. Onun fikrincə, ədibin maliyyə azadlığı olmalıdır, əgər o, dövlətdən asılıdırsa, heç vaxt müstəqil fikir yiyəsi ola bilməz:
“İkinci məsələyə qaldıqda, Nizami, Füzuli və Axundov müəyyən dövrün adamlarıdır. Nizami, Füzuli nəhəng müsəlman-şərq poeziyasının yetirmələridir, Axundov isə Rusiya imperiyasının. Axundovu xalq arasında populyarlaşdıran, əzbərlədən də sovet imperiyası olub. Bu ədibləri dünya xəritəsində yeri zorla tapılan 10 milyonluq Azərbaycan Respublikasının ədibləri ilə müqayisə eləmək isə, Əlisa bəyin xətrinə dəyməsin, dayazlıq əlamətidir”.
Cavid Ramazanlı əlavə edib ki, istedad hər dövrdə var, sadəcə, o istedadı üzə çıxaracaq şərtlər olmalıdır:
“Hazırkı şəraitdə Azərbaycanın gücü indiki ədiblərə çatır. Ölkədə normal mədəni, iqtisadi, siyasi münasibətlər formalaşanda, güclü ədiblər də olacaq. Bunlar bir-birilə bağlı məsələlərdir. Ona görə də çox da mühakimə eləməmək lazımdır”.
Yazıçı, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Ulucay Akif ev alan 21 nəfərdən biridir. U.Akif bildirir ki, Əlisa Nicat bu fikirləri səsləndirəndə niyə ötənilki vəziyyəti niyə yadına düşmür?
“Onun mətbuata verdiyi açıqlamasından sonra sadə xalq ona yardım etdi. Camaatın köməyi yaxşı olardı, yoxsa dövlətin ona ev verməyi? Əlisa müəllim özü deyirdi ki, mən neçə kitabın müəllifiyəm, amma mənim heç bir şəraitim yoxdur. Dünyanın heç yerində yazıçıya ev verilmir, doğrudur, amma dünyanın heç yerində yazıçıya yardım da edilmir”, - U.Akif bildirib.