Azərbaycanın hüquq-mühafizə orqanları Rusiya Federasiyası Baş Prokurorluğunun tələbi ilə 18 yaşlı bloger və “Avara Həyatı” “Telegram” kanalının administratoru Tural Məmmədovu Sankt-Peterburqdakı “Azərbaycan mafiyası” işi üzrə Rusiyaya ekstradisiya edib.
Bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, azərbaycanlı bloger Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü (bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zorakılıq tətbiq etməklə törədilən xuliqanlıq), 282-ci (informasiya və telekommunikasiya şəbəkələrindən istifadə edərək nifrətin qızışdırılmasına yönəlmiş hərəkətlər) maddələri ilə mühakimə olunacaq.
İstintaq versiyasına görə, əvvəllər Məmmədov şərikləri ilə birlikdə Sankt-Peterburqun müxtəlif ərazilərində yoldan keçənləri dəfələrlə açıq şəkildə döyüb, baş verənləri videoya çəkib, sonra isə bu videoları “Teleqram” kanalında yerləşdirib.
Şübhəli Rusiya hüquq-mühafizə orqanlarından gizləndiyi üçün məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. O, Rusiya Federasiyası Baş Prokurorluğu adından beynəlxalq axtarışa verilib.
Bloger Tural Məmmədov noyabrın əvvəlində Rusiya Federasiyasının tələbi ilə Azərbaycanda saxlanılıb.