Ermənistanın revanşizmdən imtinası nə zaman mümkün olacaq? - Elçin Əmirbəyov açıqladı

 13-11-2023

“Torpaqlarımızın işğal olunduğu 30 ildən artıq bir müddətdə əsas motivimiz müstəqilliyimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda mübarizə olub”.

Bunu “Azad Avropa Radiosu/Azadlıq Radiosu”na (РСЕ/РС) müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib.

“Artıq məsələ həll olunub. Biz tarixi ədaləti bərpa etmişik”, - deyə o vurğulayıb.

Eyni zamanda, Elçin Əmirbəyov qeyd edib ki, Ermənistanda revanşist əhvali-ruhiyyə hələ də güclüdür.

“Bu revanşist əhvali-ruhiyyə Ermənistanın siyasi müxalifəti arasında daha güclü olsa da, ölkənin baş naziri Nikol Paşinyan da buna yol verir”, - deyə o qeyd edib.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin sözlərinə görə, bu cür ab-havanın qorunub-saxlanmasında Ermənistanın Avropadakı ən yaxın müttəfiqi - Fransa mühüm rol oynayır və o, Qarabağın erməniəsilli sakinlərinin guya “deportasiyası” ilə bağlı yalan tezisləri hər şəkildə şişirdir.

Əmirbəyov Paşinyanın da Fransanın BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olması faktından sui-istifadə etdiyini vurğulayıb və onların yanlış istiqamətdə getdiklərini qeyd edib.

“Ermənistanın revanşizmdən imtina etməsinin ilkin siqnalı Nikol Paşinyanın antiterror tədbirlərinin nəticələrini tək bəyannamə formasında deyil, real olaraq da mübahisələndirməməsi ola bilər”, - deyə o bildirib.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi xatırladıb ki, iki tərəf arasında birinci müharibə zamanı 600 mindən çox etnik azərbaycanlı ermənilər tərəfindən ələ keçirilən əraziləri tərk etməyə məcbur olub.

“Azərbaycan hökuməti bu torpaqlarda yenidən həyatın canlanması üçün bu ərazilərin minalardan təmizlənməsi və bərpasına milyardlar xərcləyir”, - deyə Əmirbəyov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan ideyası, hökumətin həyata keçirəcəyi milli ideya - sülhü möhkəmləndirməkdir.

“Yaxın onilliklər üçün ən mühüm vəzifə azad edilmiş ərazilərə normal həyatın qaytarılması olacaq”, - deyə Əmirbəyov yekunlaşdırıb.

Bundan başqa, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov xarici jurnalistin “nə qədər erməniəsilli Azərbaycan vətəndaşı Qarabağdan qaçıb? Neçəsi qalıb və onların təhlükəsiz qayıtmasını təmin etmək üçün nə edirsiniz?” sualını cavablandırarkən bu barədə danışıb:

“Azərbaycan vətəndaşlığı üçün müraciət edən və separatçı hərəkətlərdən əl çəkmək öhdəliyi götürən mindən az adam qalıb. Gəlin anlayışlardan başlayaq. Birincisi, onlar hələ Azərbaycan vətəndaşlığı üçün müraciət etmədikləri üçün Azərbaycan vətəndaşları sayıla bilməzlər.

Onların əksəriyyətinin artıq Ermənistan pasportları var və ən azı üçdə biri əslən Qarabağdan olanlar deyil, son onilliklərdə bir növ “müstəmləkəçilik” ruhunun təsiri ilə Ermənistandan gəlib Qarabağda qanunsuz şəkildə məskunlaşanlardır. Nəzərə çatdırım ki, bir çox konstitusiyada, o cümlədən İtaliya konstitusiyasında dövlətə ciddi təhlükə olan aqressiv separatizm qadağan olunub.

Şübhəsiz ki, ümumi ab-havanı nəzərə alsaq, onları geri qaytarmaq mürəkkəb məsələdir. Biz başa düşürük ki, 30 illik münaqişədən sonra qaçmaq öngörülə bilən bir seçimdir, lakin bu onların özlərinin fərdi bir seçimi olmuşdu, baxmayaraq kı, Azərbaycan hökuməti onları ölkəni tərk etməməyə çağırışlar edib. Biz Azərbaycana tezliklə qayıtmağa imkan verən portal yaratmışıq və biz bu insanların təhlükəsizliyinə, hüquqlarına və iqtisadi rifahına zəmanət vermək öhdəliyi götürürük. Hesab edirik ki, qalan az sayda insan, onların qaçanlarla təmasda olduğunu nəzərə alsaq, cəlbedici rol oynaya bilər”.

 

 

Bənzər yazılar

0.18431615829468