Orxan Məmmədov: “Təhsil insan inkişafının ən mühüm tərkib hissələrindən biridir”

 15-07-2022

“Yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır”.

MillətinSəsi.info xəbər verir ki, bu fikirləri “Yüksəliş” müsabiqəsinin final mərhələsində “Müasir çağırışlar və insan kapitalı formalaşması” mövzusunda çıxışı zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, təhsil insan inkişafının ən mühüm tərkib hissələrindən biridir:

“Bu nöqteyi-nəzərdən təhsil hər bir ölkənin insan inkişafı və dövlətin gələcəyi üçün vacib şərtdir. Biz artıq elə bir sürətlə dəyişən dövrdə yaşayırıq ki, təhsil sahəsində atılan addımlar müasir tələblərlə deyil, gələcəyin perspektivləri üzərində köklənməli və kəmiyyətə deyil, keyfiyyətə yönlənməlidir. Gündən-günə bu gün öyrəndiklərimizin, sabah lazım olmama riskləri artır.

Müşahidələrə görə intellektual vətəndaşların çoxluq təşkil etdiyi cəmiyyət insanların ictimai fəaliyyətinə və sosial məsuliyyətinə də yeni tələblər irəli sürür və beləliklə “təhsilli insan” anlayışı da yeni məna kəsb edir.

Bu baxımdan bəzi hallarda təcrübədə biz peşə bilikləri yüksək olan, öz ixtisasını yaxşı bilən əməkdaşların öz biliklərinin tətbiqində çətinliklərlə qarşılaşdıqlarını görürük, bu da onların karyera pillələrində irəliləməsində maneələr yaratmış olur. Düşünürük ki, təhsil sistemində təhsil alanlara intellektual biliklərin öyrədilməsi ilə yanaşı, onlara emosional zəka bacarıqlarının da aşılanması vacib şərtlərdən biri olmalıdır”.

“Bu gün emosional intellekt iş fəaliyyəti üzərində önəmli təsirə malikdir. Təcrübəyə görə öz emosiyalarını yaxşı başa düşən və başqalarının emosiyalarını oxuya bilən insanlar öz işlərində daha səmərəli olurlar. Təhsil alanlarda özünü tanıma, özünü idarəetmə, özünü həvəsləndirmə, empatiya, sosial bacarıqlar kimi şəxsi keyfiyyətlərin formalaşdırılmasına da diqqət artırılmalıdır. Bir sözlə kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşmalıdır ki, həm işəgötürənlərin, həm də işləyənlərin gözləntiləri özünü doğrultmuş olsun.

KOBİA komandasına daxil olmaq istəyənlərin seçimlərində həm ixtisas biliklərinə, həm də emosional portretinə xüsusi diqqət ayrılır”,- deyə O.Məmmədov qeyd edib.

Könül Cəfərli

Bənzər yazılar

0.1462938785553