Bakıda dünya cempionunu qətlə yetirən şəxsdən XƏBƏR VAR

 11-11-2023

Kikboks üzrə tanınmış idmançı, dünya cempionu Zaur Yusifovu güllələyərək öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Samir Şirəliyev Ali Məhkəməyə müraciət edib.

Onun müraciətinə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

İş üzrə məhkəmə baxış iclası gələn il fevralın 13-nə təyin olunub.

İttihama görə, 14 mart 2022-ci ildə saat 23 radələrində Binəqədi rayonundakı “Qardaşlar” marketin içərisində 1984-cü il təvəllüdlü Yusifov Zaur Əli oğlu odlu silahdan açılan atəş nəticəsində öldürülüb.

İlkin istintaqla Şirəliyev Samir Fərhad oğlunun 2019-cu ildə qətlə yetirilmiş xalası oğlu “Emin 444” ləqəbli Emin Səfərovu öldürməkdə şübhələndiyi Zaur Yusifovu qisas almaq məqsədilə öldürdüyü müəyyən edilib.

Toplanmış sübutlar əsasında Samir Şirəliyev Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham olunaraq 18 il müddətinə azadlıqdan mərhum edilib. 

Xatırladaq ki, Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.

İstintaq zamanı Zaur Yusifov da tutulub.

Kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Həsən Tağıyev 18 il müddətinə azadlıqdan məhrum olunub. Zaur Yusifova isə qətldə iştirakı sübuta yetirilmədiyinə görə ona bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qətlə yetirilən Emin Səfərov kriminal aləmdə “Emin 444” kimi tanınıb.

 

Bənzər yazılar

0.17329096794128